Deputatlar bu qanun layihəsini qəbul etdilər
Bu gün Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib. İclasda gündəliyə daxil olan məsələdə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, məsələ ilə bağlı birinci və ikinci oxunuşlarda ətraflı müzakirələrin aparıldığını, sənədin mətnində dəyişikliyin olmadığını deyib və onun olduğu kimi səsə qoyulmasını xahiş edib.
Layihədə adı çəkilən qanunlarda aidiyyəti sahələr üzrə müvafiq sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilməsi ilə bağlı müddəalar təklif olunur.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov məsələyə dair bu komitələrin rəylərini təqdim etdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.











