media-kon

Qloballaşma, rəqəmsallaşma və süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə Azərbaycan dilinin qorunması və zənginləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. İnformasiya məkanında xarici dillərin təsirinin artdığı bir vaxtda ana dilinin saflığının qorunması milli kimliyin və dövlətçilik ənənələrinin qorunması məsələsidir.

Prezident İlham Əliyev son çıxışlarında bu məsələyə xüsusi diqqət yetirərək bildirib: “Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir.” Dövlət başçısının da vurğuladığı kimi, ana dilinin qorunması yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin və hər bir vətəndaşın məsuliyyətidir.

Türk dilləri ailəsində xüsusi mövqeyə malik olan Azərbaycan dili 70 illik sovet hakimiyyəti dövründə qarşılaşdığı bütün maneələrə baxmayaraq öz mövcudluğunu və zənginliyini qoruyub saxladı. Bu, ilk növbədə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və prinsipial mövqeyi sayəsində mümkün oldu. Ulu Öndər deyirdi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Bu fikir bu gün də öz aktuallığını qoruyur və milli dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən biri olaraq qalır.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının hazırlanması zamanı dövlət dili ilə bağlı müddəanın sənədə salınmamasına etiraz edən Ulu Öndər bu məsələdə prinsipial mövqe nümayiş etdirdi. Onun qətiyyətli səyləri nəticəsində 1978-ci il aprelin 2-də qəbul edilən Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Həmin tarixi qərar ana dilimizin qorunması və inkişafı istiqamətində mühüm dönüş nöqtəsinə çevrildi.

Müstəqillik illərində isə Azərbaycan dilinin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olması təsbit edildi, dil siyasətinin hüquqi bazası daha da möhkəmləndirildi.

Bu istiqamətdə ən mühüm addımlardan biri Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi oldu. Bu qərar latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam başa çatmasını və müstəqil Azərbaycanın milli-mədəni həyatında yeni mərhələnin başlanmasını ifadə edirdi.

Ulu Öndərin imzaladığı fərmanlar, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun ana dilimizin qorunması və inkişafı istiqamətində möhkəm hüquqi baza formalaşdırdı.

Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirərək Azərbaycan dilinin inkişafı istiqamətində mühüm qərarlar qəbul edib. Latın qrafikalı nəşrlərin çapı genişləndirilib, “Azərbaycan Milli Ensiklopediyası” hazırlanıb, dünya ədəbiyyatının ən qiymətli nümunələri Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib. Eyni zamanda, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” müasir dövrdə ana dilimizin qorunması və inkişafı istiqamətində strateji sənəd kimi mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasını dövlətin əsas vəzifələrindən biri kimi qiymətləndirir.

Bu gün sosial şəbəkələrin, rəqəmsal platformaların və süni intellekt texnologiyalarının geniş yayıldığı dövrdə Azərbaycan dilinin düzgün işlədilməsi, ədəbi dil normalarının qorunması, gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dilimizin yad sözlərin təsiri altında öz saflığını itirməməsi, zəngin söz ehtiyatının qorunması və yeni texnologiyalara uyğun inkişaf etdirilməsi qarşıda duran mühüm vəzifələrdəndir.

Hər il qeyd olunan 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımızın milli-mənəvi dəyərlərinə, zəngin dil irsinə və dövlətçilik ənənələrinə ehtiramın ifadəsidir. Bu əlamətdar gün hər bir Azərbaycan vətəndaşını ana dilimizi qorumağa, onu düzgün işlətməyə və gələcək nəsillərə olduğu kimi çatdırmağa səsləyir. Ana dilimizin zənginliyi və saflığı yalnız keçmişimizin mirası deyil, həm də gələcəyimizin etibarlı təminatıdır.


media-728x90banner

Bənzər xəbərlər