DTX rəisi: “Revanşizm və separatizm yenidən qızışdırılır”
Bu günədək Dövlət Komissiyası tərəfindən işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış 18 kütləvi məzarlıqdan və görülmüş digər təxirəsalınmaz tədbirlər çərçivəsində 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib”.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Əli Nağıyev bildirib ki, hazırkı dövrədək aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizası nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərinin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb: “Onlardan 131-nin eyniləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin nəzdində fəaliyyət göstərən Genetik Araşdırmalar Mərkəzi tərəfindən həyata keçirilib. Həmin Mərkəz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı ilə 2022-ci ildə yaradılıb”.
Həmçinin Əli Nağıyev bildirib ki, “Azərbaycan Respublikası postmüharibə dövründə Cənubi Qafqazda sülhün, mehriban qonşuluq prinsiplərinə əsaslanan birgə yaşayışın, nəqliyyat və iqtisadi əlaqələrin bərpasının tərəfdarıdır”.
O bildirib ki, dünyadakı bir sıra güc mərkəzləri hazırda bölgədə gərginliyin artırılmasında, o cümlədən Ermənistanı silahlandıraraq revanşizmin və separatizmin yenidən qızışdırılmasında maraqlıdır və buna açıq dəstək verməkdən çəkinmirlər: “Görünən budur ki, belə qüvvələri hər şeydən öncə bu bölgədə baş vermiş və hazırda dünyada davam edən silahlı münaqişələr nəticəsində həyatını itirmiş, qaçqına, məcburi köçkünə çevrilmiş və itkin düşmüş yüz minlərlə insanının acı taleyi düşündürmür”.
Komissiya sədri diqqətə çatdırıb ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bütün dövlətlərlə sosial-iqtisadi, siyasi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq etmək əzmindədir: “Eyni prinsiplər əsasında Azərbaycan dövləti Ermənistanla qısa vaxt ərzində sülh müqaviləsi imzalamağa hazırdır. Bundan ötrü rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarını şərtləndirən Konstitusiyasında və digər milli qanunvericilik aktlarında dəyişiklik etməlidir. Bu gün bağlanan sülh müqaviləsi yenidən nə vaxtsa ərazi iddialarını irəli sürməyi tamamilə istisna etməlidir. Yalnız Azərbaycan üçün deyil, qlobal mahiyyət daşıyan itkin düşmüş şəxslər problemi aidiyyəti beynəlxalq təşkilatları və beynəlxalq siyasi dairələri ciddi düşündürməlidir. Xüsusi ilə Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər aidiyyəti qurumlar bu məsələyə diqqət ayırmalı, zorakı itkindüşmələrin qarşısının alınması üçün təcili və təxirəsalınmaz tədbirlər görməlidirlər”.










