“Dünyada olan 50 milyon azərbaycanlı bu siyasəti dəstəkləyir” – Deputat
“İstənilən qələbə kifayət qədər səy, siyasi mübarizə tələb edir. Bu, Azərbaycan iqtidarına xas olan xüsusiyyətdir. Azərbaycan hər zaman verilən vədləri həyata keçirir və yeni uğurlar qazanır. Əgər daxildə bu məsələləri həll etmək asandırsa, xarici siyasətdə bu baxımdan müəyyən çətinliklər var. Bizi istəyən, yanımızda olan dövlətlər çoxdur. Amma təbii ki, bizi gözü götürməyən dövlətlər də var”. Bu sözləri millət vəkili Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, bu da Azərbaycanın ənənəvi qələbəsidir: “Bütün dünya görür ki, Azərbaycan istənilən formada və istənilən yerdə öz təntənəli qələbəsini qazanacaq”.
“Biz özümüz də gördük ki, erməni separatçıları silahı yerə qoymaq istəmirlər. Ona görə də biz yenə də hamılıqla Azərbaycan Prezidentinin siyasətini dəstəkləyək. Rəsmi şəkildə bildirim ki, dünyada olan 50 milyon azərbaycanlı bu siyasəti dəstəkləyir. Mən buna görə dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”- deyə o əlavə edib.










