Əhaliyə xəbərdarlıq
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 3-ü günün ikinci yarısından ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit, arabir yağıntılı keçəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.
Bu barədə XALQ.AZ-a Millli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 3-ü axşamdan 4-ü gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var:
“Noyabrın 3-ü axşam şimal və qərb rayonlarından başlayaraq 4-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur”.
Əhaliyə xəbərdarlıq
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Nazirliyin mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə, əsasən dağlıq və dağətəyi rayonlarda qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.
FHN xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan, habelə həmin ərazilərə səfər edən vətəndaşlara müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. İntensiv yağıntılarla əlaqədar mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”.











