“Ekosid” cinayəti törədənlər məsuliyyətə cəlb olunacaq
Oktyabrın 22-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda gündəliyə daxil olan məsələdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihədə heç bir əlavə dəyişikliyin edilmədiyini söyləyib. Deputat bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən layihədə Məcəlləyə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir. Qeyd olunub ki, ölkəmizdə COP29 beynəlxalq tədbirinin keçirilməsi ərəfəsində belə bir addımın atılması rəmzi məna daşıyır və Azərbaycanın ətraf mühiti bütövlükdə bəşəriyyətə məxsus dəyər kimi qorunmasını təşviq etdiyinin bariz nümunəsidir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.










