Əli Hüseynli bu qanunlarda dəyişiklik edilməsi layihəsi barədə çıxış etdi
Bu gün Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib. İclasda gündəliyə daxil olan məsələdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.
O, bildirib ki, qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilən bir sıra qanun layihələrinin və müxtəlif vaxtlarda qəbul edilmiş qanunların icrası məqsədilə hazırlanıb. Sənəddə həmin qanunların pozulması ilə bağlı məsuliyyətin yaradılması normaları nəzərdə tutulur.
Qeyd olunub ki, “Qida təhlükəsizliyi haqqında”, “Kosmik fəaliyyət haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Turizm haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Elektroenergetika haqqında”, “Dərman vasitələri haqqında” və digər qanunların icrası və bu qanunlara qəbul edilmiş dəyişikliklər Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik və əlavələrin edilməsini zəruri edir. Bunu nəzərə alaraq, layihədə qadağanedici normalar dispozisiya formasında Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb və cinayət əməlinə və inzibati xətaya görə müvafiq olaraq sanksiyalar təklif olunur.
Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev fikirlərini açıqlayıb. Vitse-spiker Ziyafət Əsgərov məsələyə münasibət bildirib. Komitə sədrləri Əli Hüseynli və Əhliman Əmiraslanov qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.