Əli Hüseynli plenar iclasda təqdim etdiyi bu qanunlarda dəyişiklik qəbul olundu
Mayın 30-da Milli Məclisin 2025-ci ilin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
“Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi təqdim olunub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu məsələ barədə məlumat verib. O, əvvəlki oxunuşlarda sənədin ətraflı müzakirə edildiyini, səslənən fikirlərə münasibət bildirildiyini söyləyib, layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Sənəddə nəzərdə tutulan dəyişikliyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatının vaxtı iki orqan arasında razılaşdırılmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək. Layihədə hesabatın verilməsi vaxtının martın 31-dək, yəni ilin I rübü ilə məhdudlaşıdırlması təklif olunur.
Konstitusiya Qanununun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini və sənədin deputatlar tərəfindən dəstəkləndiyini bildirib, ikinci oxunuşda səsə qoyulmasını xahiş edib.
Layihədə “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişiklikdə Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına aid edilib. Bu dəyişikliklərin icrası məqsədi ilə “Pasportlar haqqında” Qanuna edilən düzəlişə əsasən, Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasportu əldə edə biləcək subyektlər dairəsinə daxil edilir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra komitə sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.
O, qeyd edib ki, layihənin məqsədi bütün inzibati xətalar haqqında protokol və qərarları ümumiləşdirərək, onun uçotunun izlənilməsi üçün “İCMAL” informasiya sisteminin yaradılmasıdır.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri gündəliyin son iki məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib və deputatlardan çıxışlar zamanı birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib.
Sonra “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunub. Məsələ ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanun layihəsinin əhəmiyyətindən söz açan komitə sədri təklif olunan dəyişikliklərin ədliyyə orqanlarında keçirilən islahatların yeni mərhələsi ilə bağlı olduğunu deyib. Bildirilib ki, təqdim olunan qanun layihəsinin əsas mahiyyəti ədliyyə orqanlarının xüsusi xəzinə hesabının yaradılmasından ibarətdir. Bu hesabın yaradılmasında məqsəd nazirliyin hesabına daxil olan maliyyə vəsaitlərinin vahid hesaba cəmlənməsi, həmin vəsaitlər hesabına ədliyyə orqanlarında çalışan əməkdaşların maddi təminatının və sosial müdafiəsinin gücləndirilməsidir.
Həmçinin qanun layihəsində icra sənədini könüllü icra etməyən fiziki və hüquqi şəxslərin barəsində tətbiq edilən icra ödənişlərinin miqdarının artırılması təklif edilir. Sözügedən dəyişiklik icra sənədini müəyyən olunmuş vaxtda borclu tərəfindən könüllü icra etməyə stimullaşdırmaqla icra sənədlərinin vaxtında icrasını təmin etmiş olacaq. Təklif edilən mühüm dəyişikliklərdən biri də odur ki, icra məmuru vəzifəsinə qulluğa qəbul üçün ali hüquq təhsili tələbi götürülür.
Layihənin müzakirəsində komitə sədri Zahid Oruc və deputat Qüdrət Həsənquliyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.