Əli Məsimli Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda konfransda iştirak edib.
Aprelin 19-da Qaxda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində Qax rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib.Konfransda 113 saylı Qax-Şəki seçki dairəsindən Milli Məclisin deputatı Əli Məsimli də iştirak edib.
Konfransı giriş sözü ilə Qax RİH-nin başçısı Musa Şəkiliyev açıb.Tədbirdə Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, Keşişkənd İcmasının rəhbəri, professor Mahirə Hüseynova, Milli Məclisin deputatı Əli Məsimli, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavini Telli Pənahqızı, Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədrinin müavini, Milli Məclisin deputatı Qaya Məmmədov, Qərbi Azərbaycan İcması Gənclər Şurasının və Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəsi Həsən Tarverdiyev çıxış etmişlər.
Əli Məsimli öz çıxışında bildirib ki, məsələyə Vahid Azərbaycan kontekstindən yanaşdıqda,Vahid Azərbaycanın parçalanması prosesinin 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələri ilə başa çatdığını söyləmək çətindir. Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanı, onun tarixi torpaqlarını parçalayıb, xalqımızı iki yerə bölərkən və böldükdən sonra keçən dövrdə Azərbaycanın Araz çayından şimalda yerləşən hissəsi daha bir neçə dəfə parçalanma prosesinə məruz qalıb. Dərbəndin Rusiyaya, Borçalı ərazisinin isə Gürcüstana verildiyini söyləmək belə prosesin davamlılığını sübut etməyə kifayətdir.
XIX əsrin ilk rübündən XX əsrin sonlarınadək ermənilərin Azərbaycan ərazilərində yerləşdirilməsi siyasətini iki mərhələyə bölmək olar. Birinci mərhələdə ətraf bölgələrdə əsasən Qacarlar dövləti və Osmanlı ərazilərində yaşayan ermənilərin Azərbaycan ərazisinə köçürülməsi və onlara xüsusi imtiyazların verilməsi nəzərdə tutulurdu. Bu məqsədlə Rusiya tərəfinin, hətta Türkmənçay müqaviləsinə xüsusi bir maddənin-15-ci maddənin daxil edilməsinə nail olduğunu vurğulamaq lazımdır. Çar Rusiyası ilə Qacarlar arasında 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, İran və Osmanlı ərazisindən xeyli erməni ailəsi İrəvan, Qarabağ, Naxçıvan, Borçalı ərazilərində, münbit torpaqlarda məskunlaşdılar.
Əsarət altına saldığı xalqlar üçün hər zaman əbədi problemlər yaratmağa çalışan Rusiya imperiyası köçürülən erməniləri daha çox Naxçıvan, İrəvan və Qarabağ ərazisində yerləşdirdi. Bununla da, gələcəkdə yaranacaq erməni separatizmi üçün əlverişli zəmin hazırlamış oldu. Bu dövrdə İran və Osmanlı dövlətləri ərazisindən Azərbaycana təxminən bir milyon erməninin köçürülməsinə nail olunmuşdur. Bu kontekstdə təkçə onu qeyd etmək kifayətdir ki, Rusiya tarixçi-etnoqrafı N.Şavrov bu həqiqəti belə etiraf etmişdir: “XX əsrin əvvəllərində Zaqafqaziyada məskunlaşan 1 milyon 300 min nəfər erməninin 1 milyonundan çoxu ərazinin yerli sakinləri olmayıb, bizim tərəfimizdən məskunlaşdırılmışdır”.
Lakin Çar Rusiyasının bütün səy və cəhdlərinə baxmayaraq, erməni əhalisinin yerli türk-müsəlman əhalisinə nisbətdə say çoxluğunu əldə edə bilməsinə nail olunmadı. Bu halda müstəmləkəçilər planın ikinci mərhələsini reallaşdırmağa başladılar. İkinci mərhələdə isə yerli türk-müsəlman əhalisinin dədə-baba yurdlarından sıxışdırılaraq çıxarılması hesabına bölgədə ermənilərin üstünlüyünə nail olunması nəzərdə tutulurdu.
Sovet Rusiyası dövründə də Azərbaycana və azərbaycanlılara qarşı həmin dalğa, həmin koordinant prinsipi ilə oxşaq siyasət yerdilmişdir. Bolşeviklər 1920-ci ilin 28 aprelində Azərbaycanı işğal edəndən 7 ay sonra “erməni daşnak respublikasını” sovetləşdirməklə Rusiyanın tarixi Azərbaycan torpağında Ermənistan dövləti qurması planlarını tamamlamışlar. Az sonra bolşeviklər tarixi Zəngəzurun qərb hissəsini də ermənilərə bağışlamışlar. Nəticədə, əgər 1918-ci ildə Ermənistan Respublikasının yaradılması elan olunarkən ərazisi cəmi 9,8 min km2 təşkil edirdisə, sonradan müxtəlif üsullarla Azərbaycan torpaqlarının Ermənistana verilməsi hesabına onun ərazisi üç dəfə artırılaraq 30 min km2 -ə çatdırılmışdır.
1923-cü ildə isə Moskva coğrafi vahid olan Qarabağı iki yerə ayırıb, onun dağlıq hissəsində erməni muxtariyyəti yaratmaqla seperatizm yuvalarının saynını artırmışlar.
Bundan sonra ermənilər davamlı terror, deportasiya və soyqırımı siyasətini daha sürətlə davam etdirdilər. Qədim türk yurdu sayılan Qərbi Azərbaycanda azərbaycanlılar 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi torpaqlarından deportasiya olundular. 1988-ci ildə keçmiş ŞSRİ-nin süqutu ərəfəsində erməni millətçi separatizmi yaranmış xaosdan istifadə edərək, uzun müddətdən bəri planlaşdırdıqları məkrli siyasəti gerçəkləşdirməyə başladılar. Bu sahədə aparılan tədqiqatlar göstərir ki, öz ata-baba torpaqlarından çıxarılan azərbaycanlılar həm böyük insan itkiləri və iztirabları ilə müşayət olunan humanitar fəlakət səviyyəsində ciddi problemlər yaramış, həm də böyük maddi, əmlak və maliyyə itkilərinə,ən əsası isə sözlə ifadəsi mümkünsüz olan mənəvi sarsıntılara məruz qalmışdır.Belə ağrılı proseslər və bütün bu qanlı tədbirlər XX əsrin 80-cı illərinin sonlarında Qərbi Azərbaycanda etnik “təmizləmə” prosesinin və yerli türk əhalisinin deportasiyasının başa çatdırılması ilə nəticələndi.
Bu dövrdən etibarən soyqırımı və köçürmə siyasətinə yalnız insanların məruz qalmadığını, əhalisi zorla qovularaq xarabalığa çevrilmiş yaşayış məskənlərinin adlarına da vəhşicəsinə divan tutulduğunu qeyd etmək yerinə düşərdi. Arxiv sənədləri sübut edir ki, Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan dərhal sonra indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesi prosesi başlanılmış və XX əsrin sonlarında xüsusilə geniş vüsət almışdır. 1935-ci ildən 1978-ci ilədək olan dövrdə 465 türk kəndinin adları dəyişdirilərək onlara yeni erməni adları verilmişdir. SSRİ-nin süqutundan sonra isə Ermənistan Respublikasının Prezidenti Levon Ter-Petrosyanın 1991-ci il aprelin 9-da imzaladığı fərmana əsasən 97 türk kəndinin adları dəyişdirilmişdir.Ümumilikdə bu dövr ərzində 681 yaşayış yeri, türk mənşəli adlarından məhrum edilərək erməniləşdirilmə siyasətinin qurbanına çevrilmişdir. Adları dəyişdirməyin heç bir tarixi köklərə əsaslanmadığını göstərən ən bariz faktların başında verilmiş yeni erməni mənşəli adların əksəriyyətinin sadəcə olaraq həmin yerlərin uzun tarixi dövr ərzində daşıdığı həqiqi, türk mənşəli adların erməni dilinə tərcümə olunması, bu dildəki qarşılığı ilə əvəz edilməsini göstərmək olar. Bunun isə təbii hal olduğunu qeyd etmək lazımdır. Çünki toponimlərin, hidronimlərin, oykonimlərin və digər adların təşəkkülü prosesi uzunmüddətli tarixi inkişafın məhsuludur. Adlar həmin ərazidə yaşayan yerli əhalinin təfəkkür tərzini, onun məişətini, dini inanclarını və mifik görüşlərini əks etdirir. Bu bölgə ermənilərin tarixi vətəni və çoxluq təşkil etdiyi məntəqə deyildir, ad dəyişmə (erməniləşdirmə) təbii tarixi əsaslara istinad etmir. Erməni dilində olan çoxsaylı tarixi qaynaqların verdiyi məlumatlar da bunu sübut edir. Zaven Korkodyanın 1932-ci ildə nəşr etdirdiyi “Sovet Ermənistanının əhalisi (1831-1931-ci illər)” adlı statistik məlumat kitabında adları çəkilən 2310 kənddən ən azı iki minində türklərin yaşadığı qeyd olunur. Həmin kəndlərin türk mənşəli olduğu, ermənilərin İran və Osmanlı dövlətləri ərazisindən gəldiyi, bu yerlərdə sonradan məskunlaşdığı bu sənədlərlə təsdiqlənir. Ermənidilli mənbələrdə demək olar ki, addımbaşı türk mənşəli toponimlərə, oykonimlərə və hidronimlərə təsadüf edildiyini görmək mümkündür. Yalnız bəzi hallarda erməni əhalisinin yaşadığı kənd adlarının timsalında bəzi erməni mənşəli toponimlərlə rast gəlmək olar. Diqqəti cəlb edən mühüm məqamlardan biri də Ermənistan ərazisində erməni mənşəli toponim, hidronim, oykonim və s. adların olmadığını və erməni dilində erməni mənşəli şəxs adlarının da cüzi olmasını vurğulamaq lazımdır. Bunun əvəzində erməni dilində çoxsaylı türk mənşəli sözlərin, türk mənşəli şəxs adları və soyadlarının mövcudluğu faktı özünü büruzə verir.
Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsi prosesi başa çatdıqdan sonra Azərbaycanın əzəli torpağı olan Qarabağın işğalı prosesi başlanmışdır. Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşən mübaiz azərbaycan xalqının dəyanəti və şanlı ordumuzun rəşadəti, Azərbaycan əsgərinin böyük Vətən sevgisindən qaynaqlanan misilsiz şücaəti, çəhidlərimizin qanı hesabına 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız qələbə yeni reallıqlar yaratdı. Azərbaycan bu müharibədən sadəcə qalıb dövlət kimi yox, daha böyük hədəflərə nail olmağa qadir çox güclü bir dövlət kimi çıxıb. Qarabağın azad edilməsi ilə Azərbaycanın xarici və daxili siyasətində yeni prioritetlər meydana çıxıb. Qərbi Azərbaycan İcmasının yaranma zərurəti elə bu baxımdan mühüm aktuallıq kəsb edir. Öz dədə-baba torpağına qayıtmaq, orada dinc, təhlükəsizlik şəraitində yaşamaq azərbaycanlının haqqıdır. Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə Azərbaycan Prezidenti bildirib ki: “Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və …bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır,bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır”.
Bu gün artıq Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılıb. Qərbi Azərbaycan İcması az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, qəbul etdiyi sənədlər xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlər içərisində 2023-cü ildə qəbul edilmiş və indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların doğma torpaqlarına sülh yolu ilə və təhlükəsiz şəkildə qayıtmaq istəyini beynəlxalq hüquq çərçivəsində əsaslandırılaraq ortaya qoymuş Qayıdış Konsepsiyası mühüm yer tutur. Həmin Konsepsiyada Qərbi Azərbaycan İcmasının əsas məqsədinin Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının bərpası ilə məşğul olduğu önə çəkilməklə bərabər, eyni zamanda indiki Ermənistan ərazisindən zorla deportasiya edilmiş soydaşlarımızın doğma yurdlarına qayıtmaları üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri müəyyən edilir. Bildirilir ki, Qayıdış Konsepsiyası beynəlxalq hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Qərbi Azərbaycana dönüşün sülh yolu ilə təmin olunması qəbul olunmuş Konsepsiyanın ana xəttini təşkil edir. Azərbaycan dövlətinin bu məsələdəki prinsipial dəstəyi mühüm əhəmiyyət kəsb edir. Lakin bu məsələnin həlli təkcə Azərbaycanın üzərinə düşən yük deyil, çox mühüm insan hüquqları məsələsi kimi, bu, beynəlxalq ictimaiyyətin də dəstəyini almalıdır.Hələ ilyarım bundan əvvəl Qərbi Azərbaycan İcmasının bir sıra sənədlrinin BMT-nin rəsmi sənədi kimi yayılması, Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışının təmin edilməsi məsələsinin qlobal kontekstdə beynəlxalq ictimaiyyətin gündəliyinə gətirilməsi baxımından,eləcə də cəmi bir neçə gün öncə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Qərbi azərbaycanlıların qayıdış hüququna dəstək verməsi və Qərbi Azərbaycan İcmasının dialoq çağırışını təqdir etməsi mühüm əhəmiyyət kəsb edir. Digər parlament assambleyaları da oxşar addımlar ataraq bu prosesə dəstək verməsi çox zəruridir.Bu, beynəlxalq ictimaiyyətin diqqətini bu problemin ədalətli həllinə daha geniş miqyasda cəlb edə,Qərbi azərbaycanlıların qayıdış hüququnu dəstəkləyən bəyanatları artıra, Ermənistanın etnik təmizləmə siyasətini pislənilməsi və Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi üçün çox ciddi və davamlı fəaliyyət göstərən platforma və təzyiq mexanizmləri yarada bilər.
Eyni zamanda bu məsələnin beynəlxalq səviyyədə daha geniş miqyasda təqdim etməkdən ötrü əlavə sistemli tədbirlərin də görülməsinə ehtiyac var. Onların arasında mövcud tarixi sənədlər və faktoloi materiallar,xüsusən də erməni mənbələrin materialları əsasında həm çox təsirli sənədli filmərlin,həm də dünyanın məşhur aktyarlarının da iştirakını təmin etməklə çox ibratamiz bir bii filmin çəkilməsi azərbaycanlıların başına gətirilən müsibətlərin torpaq itikiləri ilə müşayət olunan olayların əsl mahiyyəti və dəhşətli nəticələrinin beynəlxalq auditoriyada daha sürətlə yayılmasına və güclü iz buraxmasına müqayisəyəgəlməz dırıcıdı ciddi təkan verə bilər.
Bizim 44 günlük Vətən müharibəsindəki böyük qələbəmizin davamı kimi mümkün olmayanı mümkün etməklə bizə qürur gətirən möhtəşəm səhifə kimi tariximizə əbədi yazılan 2023-cü il 19-20 sentyabrda bütün əraziləri üzərində süverenliyini təmin olundu. Azərbaycan əsgəri hərb tarixinin “44 gün + 23 saat 43 dəqiqə = Azərbaycanın süverenliyinin bərpası” formulunu yaratdı. Azərbaycan ordusu bu tarixi qələbəsi ilə 30 ilə yaxın düşmən tapdağı altında olan tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də iki əsrlik bir problemi həll etdi. Ona görə də 2023-cü il sentyabrın 19-u və 20-də anti-terror əməliyyatı həyata keçirilib süverenliyimizi tam bərpa etdiyimiz həmin günü iki əsrə barəbər gün adlandırmaq olar.Həmin möhtəşəm gündən sonra qalib Azərbaycanımız yeni tarixi eraya qədəm qoyub. Bu yeni tarixi erada da əsrlərə bərabər günlərimiz olacaq və onlardan biri Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq. Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtmaları istiqamətində görülən hər bir iş,hər kəsin bu işə verdiyi töhfə bu möhtəşəm günün bir o qədər də uzaq olmamasına xidmət edir.