Əminə Ağazadənin plenar iclasda təqdim etdiyi bu qanunda dəyişiklik qəbul olundu
Mayın 16-da Milli Məclisin 2025-ci ilin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda gündəliyə daxil olan məsələdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.
O, bildirib ki, sənəd sağlamlığın qorunması hüququnun daha effektiv təmin edilməsi, həyat və sağlamlıq əleyhinə olan bəzi cinayətlərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə hazırlanıb. Bu məqsədlə bir sıra cinayət əməllərinin sanksiyalarında dəyişiklik edilərək, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına alternativ olan digər əsas cəzalar çıxarılmaqla və bu əməllərə görə sağlamlığa vurulan ağır nəticələr tövsifedici əlamətlər kimi ayrı maddələrdə nəzərdə tutulmaqla cəzalar sərtləşdirilir. Bildirilib ki, səhiyyə sahəsində islahatlar aparılaraq tibb fəaliyyəti ilə məşğul olmağı tənzimləyən yeni qaydalar qəbul edilib. Layihədən göründüyü kimi, həm Cinayət, həm də İnzibati Xətalar məcəllələrinin müvafiq maddələrinin dispozisiyaları təkmilləşdirilərək səhiyyə qanunvericiliyində müəyyən edilmiş yeni qaydaların pozulması bu hüquqpozmaların obyekti kimi nəzərdə tutulub. Bu baxımdan təqdim edilmiş layihə həyat və sağlamlığın qorunması sahəsində cinayət təqibinin səmərəli həyata keçirilməsinə xidmət etməklə, şəxslərin ən vacib konstitusion hüquqlarından olan sağlamlığın qorunması hüququnun daha effektiv reallaşmasını təmin edəcək.
Layihə ilə bağlı deputat Rəşad Mahmudovun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.