media-nes
Milli Məclisin deputatı Nəsib Məhəməliyev “atributinfo.az”ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik: 

-Nəsib müəllim, Ermənistanın sülh prosesini yubatması nəyə xidmət edir?

-Ermənistanın sülh prosesini yubatması, regionda gərginliyin, müharibə ehtimalının artmasına xidmət edir. ABŞ da Tramp administrasiyasının fəaliyyətə başladığı andan, geosiyasi şərtlərin dəyişdiyi, Ermənistanın yenidən Rusiyanın çətiri altına qayıtdığı müşahidə olunur. Paşinyanın reytinqinin aşağı düşməsi, millətçilərin fəallığı, revanşist bəyanatları, bütövlükdə bölgənin təhlükəsizliyini təhdid altına alır. Düşünürəm ki, bütün məsələlərə qarşıdan gələn parlament seçkilərindən sonra aydınlıq gətiriləcək. 

-İstanbul görüşü Türkiyənin beynəlxalq mövqelərinə necə təsir edəcək?

-⁠İstambulda keçirilən Rusiya-Ukrayna danışıqları, demək olar ki, nəticəsiz başa çatdı. Üç il bundan əvvəlki danışıqlarda, konkret razılıqlar əldə olunmasına rəğmən, müharibə tərəfdarlarının təzyiqi ilə, barış baş tutmadı. Bu görüşün Türkiyənin beynəlxalq mövqelərinə təsirini o qədər də şişirtməyə ehtiyac yoxdur. Türkiyə öz siyasəti, iqtisadi inkişafı, hərbi gücü ilə, beynəlxalq münasibətlər sistemində aparıcı dövlətlərdən biridir. Regional siyasətdə aktiv rol oynayır. Təbii ki, Rusiya-Ukrayna müharibəsində də, balanslaşdırılmış diplomatiyası, Türkiyənin nüfuzunu artırır.

-Hindistan Pakistan münasibətlərinin perspektivini necə dəyərləndirmək olar ?

-Hindistan-Pakistan münasibətlərində gərginlik davam edəcək. Ancaq, böyük müharibə ehtimalı azdır. Hər ikisi nüvə dövlətidir və aydın məsələdir ki, nüvə müharibəsinin qalibi olmur. Bu iki dövlət arasında müharibə olması, bütövlükdə planetin gələcəyini şübhə altına alır.

-ABŞ prezidentinin Yaxın Şərq səfəri Fələstin probleminin həllinə şərait yarada bilərmi ? 

-ABŞ prezidentinin, Yaxın Şərq səfərinin gündəliyində Fələstin məsələsi, axırıncı yeri tuturdu. Əsas məsələ, irimiqyaslı iqtisadi kontraktların bağlanması, qarşılıqlı sərmayələrin qoyulması idi. Prezident Tramp istədiklərini aldı. Hal-hazırda Qəzzada baş verənlər bir daha göstərir ki, Fələstin probleminin həllində ciddi dəyişikliklər baş verməyəcək. Fələstin probleminin həllinin yeganə yolu BMT qətnamələrinin icrasından, yəni iki dövlətin yaranmasından keçir. Bu da, yalnız və yalnız Birləşmiş Ştatların mövqeyindən asılıdır.

 

-Nəsib müəllim, artıq 5 ilə yaxındır ki, müharibə bitib, lakin real sülh sazişi hələlik mümkün deyil. Bu barədə nə düşünürsünüz, perspektivdə Ermənistanla sülh sazişinin imzalanması mümkünlüyü varmı?

-5 ilə yaxın müddət keçməsinə baxmayaraq, sülh sazişinin imzalanmamasının məsuliyyəti, bilavasitə Ermənistanın üzərinə düşür. İlk vaxtlar, Ermənistan 10 noyabr Bəyannaməsinin şərtlərini tam şəkildə, icra etmədi. Konkret desək, Qarabağda yerləşən hərbi birləşmələrini çıxarmadı, kommunikasiyaları açmadı. Daha sonralar isə, müxtəlif bəhanələrlə, qəbul olunmaz şərtlər irəli sürdü.

Bizim mövqeyimiz qətidir. Sülh müqaviləsi Paşinyan və yaxud digər hansısa məmurla bağlanmalı deyil. Misal üçün, sabah hakimiyyət dəyişə bilər və özündən əvvəlkilərin əldə etdiyi razılıqları ləğv edər. Ona görə də müqavilə Ermənistan dövləti ilə bağlanmalıdır. Azərbaycan tərəfi iki şərt irəli sürüb. Konstitusiyadan Azərbaycanın ərazi bütövlüyünü şübhə altlna alan maddələr çıxarılmalı, ATƏT-n Minsk qrupu buraxılmalıdır. İndiki halda, sülh müqaviləsinin imzalanması mümkün deyil. Qarşıdan parlament seçkiləri gəlir. Seçkilərdə Paşinyanın partiyası qalib gələrsə, sülh müqaviləsi imzalana bilər.

-Adətən Ermənistan sülhə yaxın olan ərəfədə bu ölkədə hakimiyyət çevrilişi və ya bir başqa hadisə yaşanır. Hazırda da Köçəryan-Sərkisyan ikilisi yenidən Paşinyanı devirmək planı üzərində işləyir. Ermənistanda hakimiyyət çevrilişi mümkün görünürmü və bu regionda hansı problemlərə yol aça bilər?

-Doğrudur. Ermənistan dövlətinin lazımi anlarda terror törətmək ənənələri var. Köçəryan-Sərkisyan cütlüyünün terrorçu olduqları, əlləri minlərlə azərbaycanlının qanına batdığı hər kəsə məlumdur. Son 5 ildə, Paşinyan hakimiyyətinin devrilməsi üçün çoxsaylı cəhdlər edilməsinə rəğmən, nəticə əldə olunmamışdır. Erməni xalqının Köçəryanla, Sərkisyana nifrəti böyükdür. İndi onlar, keçmiş baş nazir Karapetyanın üzərində işləyirlər. Ermənistanda hakimiyyət dəyişikliyi, iki ölkə arasında müharibə ehtimalının artıra, uzunmüddətli gərginliyiə səbəb olar.

-Sözügedən şəxslərin açıqlamalarından aydın olur ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalanmasının əleyhinədirlər və hətta hakimiyyət çevrilişi olacağı təqdirdə üçtərəfli bəyanatın da ləğv ediləcəyi barədə fikirlər səsləndirirlər. Bu regionda yeni bir müharibənin başlanması demək olarmı?

-Köçəryan-Sərkisyan cütlüyü kriminal Qarabağ klanının rəhbərləridir. Onlar daxildən daşnak-millətçi kəsim, eyni zamanda, ənənəvi olaraq Rusiya tərəfindən dəstəklənirlər. Bu isə, 2018-ci ildən bəri Ermənistanda mövqeləri qismən zəifləmiş, şimal qonşumuzun işinə yarayır. Dünyada baş verən prosesləri analiz etdikdə demək olar ki, həmin klanın hakimiyyətə gələcəyi təqdirdə, Azərbaycanla Ermənistan arasında əldə olunmuş bütün razılıqlar, o cümlədən üçtərəfli Bəyanat ləğv oluna bilər.

-Bu arada Ermənistanın sürətlə silahlanması, Hindistandan yeni silahların alınması İrəvanın ciddiyən müharibəyə hazırlaşması demək deyilmi?

-Ermənistanın, Hindistan, Fransa, Yunanıstan və s. ölkələr tərəfindən sürətlə silahlandırılması, yumşaq desək sülhə xidmət etmir. Təbii ki, sülh istəyən ölkə silahlanmamalıdır. Hər bir halda, biz istənilən varianta hazır olmalıyıq.


media-728x90banner

Bənzər xəbərlər