“Estetik kosmetoloq” kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar:Rəsmi araşdırma aparılmalıdır
Xalq.online Serhedaz.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə by_.mila_ hesabı ilə fəaliyyət göstərən və özünü “Estetik kosmetoloq” kimi təqdim edən Ramilə Əlizadə ilə bağlı redaksiyamıza müraciət daxil olub.
Müraciətdə bildirilir ki, Ramilə Əlizadə Laser Beauty CLINIC adlı məkanda müxtəlif kosmetoloji prosedurlar həyata keçirir və bu xidmətləri sosial şəbəkə üzərindən reklam edir. Paylaşılan görüntülərdə estetik və inyeksiya xarakterli prosedurların icra olunduğu da görünür.
İddialara görə, onun bu fəaliyyət üçün qanunvericiliyin tələb etdiyi müvafiq tibbi ixtisas, sertifikat və ya rəsmi icazə sənədlərinə malik olub-olmaması ilə bağlı ciddi suallar yaranıb.
Ramilə Əlizadə sosial media hesabında özünü estetik kosmetoloq kimi təqdim edir, müxtəlif prosedurların əvvəl və sonrakı nəticələrini paylaşaraq müştərilər qəbul etdiyini nümayiş etdirir. Lakin bu xidmətlərin hansı hüquqi əsaslarla həyata keçirilməsi ictimai maraq doğuran məsələdir.
Mütəxəssislərin də qeyd etdiyi kimi, dolğu, botoks, plazma terapiyası və digər invaziv kosmetoloji müdaxilələr yalnız müvafiq tibbi bilik və hazırlığa malik şəxslər tərəfindən həyata keçirilməlidir. Əks halda, bu cür prosedurlar pasiyentlərin sağlamlığı üçün ciddi fəsadlara səbəb ola bilər.
Son dövrlər lisenziyasız və qanunsuz kosmetoloji fəaliyyətlə bağlı aparılan araşdırmalar fonunda bu kimi iddiaların da aidiyyəti dövlət qurumları tərəfindən yoxlanılması vacib hesab olunur.
Serhedaz.az məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara rəsmi sorğu göndərərək Ramilə Əlizadənin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasının araşdırılmasını xahiş edəcək.
Redaksiya olaraq bildiririk ki, yazıda yer alan məlumatlar redaksiyamıza daxil olmuş müraciətdə səsləndirilən iddialara əsaslanır və məsələ ilə bağlı rəsmi qurumların mövqeyini gözləyirik.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.










