Fatma Yıldırım: “Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır”
Kanadanın Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi qəbulolunmazdır.
Bu ölkənin xarici işlər naziri Melani Jolinin sentyabrın 22-də böhtan dolu bəyanatı ən azı təəssüf doğurur.
Kanadalı nazir öz bəyanatında ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburi şəkildə tərk etməsi barədə əsassız ittiham irəli sürür, Azərbaycanın ərazi bütövlüyünə zidd olan və regionda gərginlik yaratmağa xidmət edən mövqe nümayiş etdirir. Vaxtilə Ermənistan Azərbaycan ərazisinə hərbi təcavüz edəndə, torpaqlarımızı 30 il işğal altında saxlayanda Kanada susurdu. İndi isə bu ölkə Azərbaycanın öz suveren ərazilərində heç bir mülki əhalini hədəf almadan həyata keçirdiyi antiterror tədbirini “etnik təmizləmə” adlandırır. Bu qarşı tərəfin saxta iddialarından başqa bir şey deyil.
Kanada xarici işlər naziri ya bölgədəki vəziyyətdən xəbərsizdir, ya da məqsədli şəkildə ölkəmizə iftira atmaqla məşğuldur.
Bir il öncə Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində separatçı rejimin varlığına son qoyuldu. Bu ərazidə yaşayan ermənilər isə könüllü surətdə Ermənistana köçüblər. Kanada XİN başçısının fikirləri isə ermənilərdən daha çox ermənilik etmək görünütüsü yaradır. Əgər Kanadada yaşayan ermənilər orada öz dövlətlərini elan etsəydi, nazirin mövqeyi necə olardı? O, sözügedən açıqlaması ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı çıxır. Bu yanaşma qəbulolunmazdır. Avropa İttifaqının üzvü olmayan Kanadanın Aİ-nin Ermənistandakı “müşahidə missiyası”na qoşulması da ermənipərəstliyin açıq təzahürüdür. Amma bütün bunlar Azərbaycanın siyasətinə heç bir təsir göstərə bilməz. Çünki dövlətimizin mövqeyi beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsaslanır.
Fatma Yıldırım
Milli Məclisin deputatı










