Fatma Yıldırım yazır: Azərbaycanın ürəyi hər zaman Türkiyə ilə döyünür….
Bu gün Türkiyədə əsrin fəlakəti hesab olunan dəhşətli zəlzələnin baş verməsindən iki il ötür. Azərbaycan xalqı zəlzələnin ağır nəticələrinin aradan qaldırılması üçün qardaş ölkənin yanında oldu.
2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən dərhal sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişi ilə genişmiqyaslı yardım və dəstək kampaniyası başladı. Azərbaycan dövləti ilk andan qardaş Türkiyənin yanında oldu, xilasedicilər, tibb heyəti göndərildi, çadırlardan tutmuş humanitar yardımlara qədər hər şey təşkil olundu. Bu, təkcə bir yardım deyil, qardaşlıq borcu idi!
Zəlzələdən dərhal sonra Milli Məclisin nümayəndə heyəti olaraq biz – ilk parlament üzvləri, Kahramanmaraşa yola düşdük. Həmin anlar ömür boyu yaddaşımdan silinməyəcək. Orada gördüyümüz mənzərə ağır idi – dağıntılar, itirilmiş ailələr, ümidsiz baxışlar… Lakin o çətin anlarda Türkiyənin gücünü, xalqın dözümünü və birliyimizi hiss etdik. Azərbaycan olaraq biz təkcə müşahidəçi deyildik, bu ağrını özümüzünkü kimi yaşayırdıq.
Kahramanmaraşda olduğum müddətdə media nümayəndələri ilə bir çox görüşlərim oldu. Mən bu görüşlərdə Azərbaycan xalqının Türkiyə ilə olan qardaşlıq bağlarını, Prezident İlham Əliyevin qətiyyətli dəstəyini və xalqımızın bu ağır günlərdə necə səfərbər olduğunu bir daha vurğuladım. Dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərə Azərbaycan xalqının bu prosesdə necə fədakarcasına iştirak etdiyini anlatdım. Çünki bu, sadəcə yardımlaşma deyildi, bu, iki dövlət, bir millət anlayışının gerçək həyatda necə yaşandığını sübut edirdi.
Fevralın 5-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana ünvanladığı müraciətdə vurğulandığı kimi, qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq.
Kahramanmaraşda tikilmiş “Azərbaycan” məhəlləsi artıq sakinlərini gözləyir. Azərbaycan hökuməti xətti ilə yaşayış massivi ərazisində aparılan işlərə cavabdeh orqan Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyidir (MİDA). Türkiyə tərəfdən isə layihənin icrasında Mənzil İnşaatı İdarəsi (TOKİ) iştirak edir. Yeni salınmış yaşayış kompleksində məktəb, mədəniyyət mərkəzi və ticarət meydanları var.
“Bir millət iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub və bu cür də davam edəcək. Zəlzələnin yaşandığı o çətin günlərdə mənim doğma şəhərim olan Bərdədə də inanılmaz həmrəylik yaşandı. İnsanlar birlikdə iki tır dolusu humanitar yardım topladılar və Türkiyəyə göndərdilər. Hər kəs əlindən gələni etməyə çalışırdı – kimin maddi imkanı yox idi, əlləri ilə yorğan tikib göndərirdi, kimisi son çörəyini paylaşırdı. Bu, sadəcə yardım deyildi, bu, qardaşın qardaşa uzatdığı ümid əli idi.
Bütün bunlar Azərbaycanın qardaş ölkəyə dəstəyinin bir simvoludur. Mən orada olduğum zaman anladım ki, bizim qardaşlığımız təkcə bu günün deyil, əsrlərin qardaşlığıdır.
“Biz eyni millət, eyni ürəyik. Azərbaycanın ürəyi hər zaman Türkiyə ilə döyünür” – bunu mən orada hər görüşdüyüm insanın gözlərində gördüm.
Fatma Yıldırım
Milli Məclisin deputatı










