Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümü tamam olur. Bu tarix ölkəmizdə Müstəqillik Günü kimi qeyd olunur. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Bu dövləti yaradan xalqımızın oğulları əsl vətənpərvərlik nümunəsi göstərdilər. Məhz buna görə də, cümhuriyyət qurucularının xidmətləri daim dövlətimiz, xalqımız tərəfindən yüksək dəyərləndirilir, onların əziz xatirəsi hər zaman uca tutulur.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunması və yaşadılması üçün müstəsna xidmətlər göstərib. Belə ki, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qaldırılması və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirilməsi, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması buna ilk bariz nümunədir. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi ilə bağlı müxtəlif qərarlar verdi. Eləcə də, 1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncam imzaladı. 2007-ci il 25 may tarixində isə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin Prezident cənab İlham Əliyev tərəfindən açılışı gerçəkləşdi.
Prezident cənab İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də cümhuriyyət irsinə, onun qurucularına böyük ehtiramın nümunəsi oldu. Bu gün çox qürur duyuruq ki, Müstəqillik Gününü ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması şəraitində qeyd edirik. Bütövlükdə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları, tarixin ən güclü Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi, ölkəmizin regional lider statusu qazanması və regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləməsi, beynəlxalq miqyasda sayılan, nüfuzlu dövlətə çevrilməsi hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycanın üçrəngli bayrağını cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş bütün bölgələrdə qürurla ucaltması xalq olaraq bizi hədsiz dərəcədə iftixarlandırır. Bu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Eləcə də, 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dünyanın aparıcı ölkələrinin rəhbərləri tərəfindən ünvanlanmış təbrik məktubları və məktublarda Azərbaycanın inkişafı, yüksək beynəlxalq nüfuzu, həyata keçirdiyi uğurlu siyasətlə bağlı önəmli fikirləri bir daha müstəqil dövlətimizin gücünün, qüdrətinin, cənab Prezidentimizin dünya miqyasında yüksək nüfuzunun parlaq nümunəsidir. Şübhəsiz ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan qarşıdakı dövrlərdə yeni-yeni naliyyətlər, qələbələr əldə edəcək.
Fatma Yıldırım
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər