Fəzail Ağamalı Prezidet İlham Əliyevi belə təbrik etdi- 50 milyonluq xalqımızın qürur mənbəyisiniz…..
Zati – Aliləri, Möhtərəm, Cənab prezident!
Sizi doğum gününüz və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi, Yeni il münasibətilə böyük məmnuniyyətlə təbrik edir, Sizə Ulu Yaradandan möhkəm can sağlığı, ailə xoşbəxtliyi, çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Azərbaycanımızı bütün varlığı ilə sevən vətənpərvər, qətiyyətli və polad iradəli, yüksək intelektə və qeyri-adi idarəetmə bacarığına malik müdrik dövlət başçısı, Dünya çaplı siyasi xadim və tarixi şəxsiyyət kimi Siz, Bəşəri dəyərlərə ehtiram göstərən hər kəsə örnəksiniz, 50 milyonluq xalqımızın qürur mənbəyisiniz, sevimli və alternativsiz liderisiniz.
Sizin Ulu Öndərimiz Heydər Əliyevin fundamental siyasi xəttinə söykənən və milli maraqlarımıza xidmət edən siyasətiniz qısa zaman kəsiyində müstəqil Azərbaycan dövlətinə Beynəlxalq aləmdə böyük nüfuz qazandırmış, onun dünyada yüksək mövqe tutmasını təmin etmiş və ölkəmizi qalib və lider dövlət səviyyəsinə qaldırmışdır.
Möhtərəm, cənab Prezident!
Siz, 2020-ci ili Qalib və Müzəffər sərkərdə kimi Azərbaycanın dövlətçilik və hərb tarixinə qızıl hərflərlə həkk etdirdiniz. 200 il himayədarlarının köməyilə tarixi torpaqlarımızı işğal edib, saxta dövlət yaradan, 30 il əzəli yurdlarımız Qarabağı və Şərqi Zəngəzuru işğal altında saxlayan erməni faşizmi və ona hərtərəfli yardım göstərən Beynəlxalq güclər üzərində Dəmir Yumruğunuz və polad iradənizlə möhtəşəm qələbə qazandınız, qurduğunuz modern və qəhrəman ordu ilə, formalaşdırdığınız vətənpərvər cəmiyyətlə, sevgi, inam, etibar qazandığınız xalqımızla.
2023-cü ildə erməni faşizminin iblis yuvası olan separatçı – xunta rejimini yox etmək, Azərbaycanın ərazi bütövlüyünü tamamlamaq və süverenliyimizi tam təmin etmək yolunda son addımı ataraq, 23 saatlıq qeyri-adi anti-terror əməliyyatı ilə hərb tariximizə əvəzsiz yeniliklər gətirdiniz. Siz zədələnən qürurumuzu və milli mənliyimizi millətə qaytaran fenomenal dövlət xadimi kimi hər birimizin qürur mənbəyisiniz və haqlı olaraq xalqımızın qan yaddaşında Xilaskar, Müzəffər Ali Baş Komandan olaraq əbədiləşdiniz və bütün tarixi torpaqlarımıza, Bütöv Azərbaycana gedən yolun təməlini qoydunuz.
Ziyarət etdiyiniz Xudafərin körpüsü önündə ən yaxın və sədaqətli silahdaşınız və həyat yoldaşınız Mehriban xanımla Araz çayının suyuna toxunmaqla gələcək müqəddəs yolumuza ürəyinizdə və düşüncələrinizdə verdiyiniz xeyir-dua düşərli olsun və onu da Zəfərlə başa çatdırmağı Uca Tanrı talehinizə qismət etsin.
Vətən müharibəsində erməni faşizmi üzərində qazandığınız qələbənin məntiqinə və təməlinə söykənərək işğaldan azad olunmuş torpaqlarımızda qısa zaman kəsiyində böyük infrastrukturun yaradılmasında, quruculuq və bərpa işlərində təssəvvür olunmaz uğurlara imza atmaqdasınız.
Möhtərəm, cənab prezident!
Bütün əməllərinizlə, atdığınız möhtəşəm addımlarla, diplomatik məharətinizlə Dünyanı dəyişən lider səviyyəsinə yüksələ bildiniz.
Sizi bir daha əlamətdar günlər münasibətilə təbrik edir, Sizə və dəyərli ailənizə möhkəm can sağlığı, xoşbəxtlik və Azərbaycan dövlətinin çiçəklənməsi, tarixi torpaqlarımızın bütövləşməsi uğrunda apardığınız genişmiqyaslı fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Uca Tanrı Sizi qorusun!
Dərin hörmət və ehtiramla,
Fəzail Ağamalı
“Ana Vətən” Partiyasının sədri










