Günay Əfəndiyeva: “Azərbaycan – Macarıstan münasibətlərinin əsasında siyasi əməkdaşlıq ilə yanaşı, qarşılıqlı hörmətə və inama söykənən real dostluq dayanır”
“Şübhəsiz, həftənin ən mühüm hadisələrindən biri, iki gün öncə Macarıstanda Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi oldu.
Bilirsiniz ki, Macarıstan, türk dünyası ilə tarixən bağlı olan, ortaq köklərə sahib bir dövlətdir. Əsrlər boyu bu bağlar qorunub saxlanılmış və bu gün siyasi müstəviyə daşınmışdır. Macar xalqı özünü türk birliyinə mənsub hiss edir, bu, həm elmi çevrələrdə, həm də siyasi səviyyədə açıq şəkildə ifadə edilir”.
Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva … (X sayta) açıqlamasında bildirib.
Türk Dövlətləri Təşkilatının artıq ciddi siyasi nüfuza malik, qlobal gündəmdə yer alan bir platformaya çevrildiyini vurğulayan Günay Əfəndiyeva qeyd edib: “Təşkilatın sıralarında olan ölkələr arasında əməkdaşlıq dərinləşir, bir çox istiqamətdə vahid mövqelər formalaşır, birgə iradə nümayiş etdirilir. İqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi kimi sahələrdə müştərək təşəbbüslər artıq konkret nəticələr verir”.
Millət vəkili bu prosesdə, təşkilatın fəal üzvü kimi Azərbaycanın mühüm rol oynadığını bildirərək, vurğulayıb: “Mən özüm vaxtilə türk inteqrasiya proseslərinin birbaşa iştirakçısı kimi, bir xatirəni bölüşmək istərdim. Türk Dövlətləri Təşkilatının Macarıstandakı ofisinin sabiq rəhbəri, səfir, eyni zamanda tanınmış türkoloq-alim mərhum Yanoş Hovari söhbətlərimizdən birində bildirmişdi ki, Prezident İlham Əliyev Macarıstanın türk dünyasına inteqrasiyasında çox ciddi rol oynamışdır.
Və iki gün öncə, Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyevlə mətbuata bəyanatında açıq şəkildə səsləndirdiyi, “Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstan hansı sahədə çətinliklə üzləşibsə – istər diplomatiyada, istər neft-qaz sənayesində, istərsə də digər sahələrdə – Prezident Əliyev hər zaman bizim yanımızda olub”, sözləri bu faktı bir daha təsdiqləyir.
Bu, yalnız rəsmi diplomatik əlaqələrin deyil, uzun illər ərzində formalaşdırılmış səmimi və etibarlı tərəfdaşlığın təzahürüdür. Eyni zamanda, bu o deməkdir ki, Azərbaycan – Macarıstan münasibətlərinin əsasında siyasi əməkdaşlıq ilə yanaşı, qarşılıqlı hörmətə və inama söykənən real dostluq dayanır.
Şübhə yoxdur ki, Macarıstanın Türk Dövlətləri Təşkilatı platformasındakı iştirakı, təşkilatın beynəlxalq aləmdəki çəkisini artırır.
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bizə bir daha xatırlatdı ki, bizim ortaq tariximiz olduğu kimi, ortaq gələcəyimiz də var”.
“Əminəm ki, bu Zirvə daha sıx əməkdaşlıq, daha güclü həmrəylik üçün yeni mərhələnin başlanğıcı olacaqdır”, – deyə Günay Əfəndiyeva qeyd edib.