“İnsanlara nur paylamaq, xeyirxahlıq etmək üçün bu dünyaya gəlmiş gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın vəfatından 39 il ötür. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Zərifə xanım Əliyeva bütün keyfiyyətləri ilə əsl Azərbaycan xanımı, görkəmli və eyni zamanda ən yüksək insani dəyərlərə malik həkim, Ümummilli Liderimiz Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, ölkəmizə iki layiqli övlad, eyni zamanda müzəffər sərkərdə, lider bəxş edən qayğıkeş ana obrazıdır. Hər zaman nur saçan qadının həyat yoluna nəzər saldıqca gözlər qarşısında Azərbaycanın daim qürurla andığı bir qadın canlanır. Tarix məhz belə insanların sayəsində yaranır, onların nəcibləşən ömürləri gələcək nəsillərə örnək, nümunə olur”. Bunu  açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Zərifə xanım həm də o cəhətdən xoşbəxt idi ki, xalqımız, dövlətimiz üçün gərəkli olan iki övladın anası idi: “30 illik işğal altında qalan torpaqlarımızın qurtuluşçusunu bəxş edib. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olmağı bacaran, müzəffər sərkərdə, sevilən lider olan Ali Baş Komandanımızı bəxş edib. Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”. İlham Əliyev bu gün Azərbaycanı dünya dövlətləri içərisində sözü və yeri olan bir ölkə kimi tanıdıb. Heydər Əliyev ideyalarını davam etdirməklə Azərbaycanı inkişaf etmiş ölkələrdən birinə çevirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Zərifə xanımın sevimli gəlini Mehriban xanım Əliyeva onun ənənələrini davam etdirir. Hər iki ailədən aldığı yüksək dəyərləri öz şəxsiyyətində birləşdirən Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, məhz bütün keyfiyyətlərinə görə hər zaman, hər kəs tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad edilir”.

 

 


media-728x90banner

Bənzər xəbərlər