Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, bina 7 ünvanında yerləşən yaşayış sahəsi yenidən planlaşdırma layihəsinə daxil edilib.
XALQ xəbər verir ki, yaxın zamanda ərazidə “Günəşli İnşaat” MTK tərəfindən yeni çoxmənzilli binaların inşası nəzərdə tutulur.
Məlumata görə, ərazidə yaşayan sakinlərin əksəriyyəti yeni tikiləcək binalardan mənzil almaq şərti ilə evlərini tərk etməyə razılıq veriblər. Lakin 9 ev sahibi bu təkliflə razılaşmayaraq, mənzil əvəzinə pul kompensasiyası tələb edir.
Son günlər sözügedən ərazidə bir sıra narahatedici hadisələr baş verib. Sakinlərin bildirdiyinə görə, son 10 gün ərzində üç evin su sayğacı oğurlanıb. “Azərsu” əməkdaşları hadisə yerinə gələrək oğurlanan sayğacları yeniləri ilə əvəz ediblər.
Sakinlər qeyd edirlər ki, indiyədək bu ərazidə sayğac oğurluğu halları müşahidə olunmayıb. Onların fikrincə, son günlər baş verən hadisələr köçməyə razılaşmayan sakinlərə təzyiq göstərmək məqsədi daşıya bilər.
Hazırda məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət olunub. Sakinlər ümid edirlər ki, məsələ araşdırılacaq, hadisələrin səbəbi müəyyən ediləcək və qanun pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar.Milli.Az


media-728x90banner

Bənzər xəbərlər