media-ilq
Quba Rayon İcra Hakimiyyətinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni, 2026-cı il münasibətilə rayon ictimaiyyətinə təbriki: 
Əziz qubalılar,
Ölkəmizin və xalqımızın həyatında əlamətdar hadisələrlə zəngin olmuş 2025-ci il başa çatmaq üzrədir. Artıq 2026-cı ilin astanasındayıq.
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni, 2026-cı il münasibətilə təbrik edirik.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis olunmuşdur. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyi ideyasını irəli sürərək, bayramın Azərbaycanda rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında təklif vermiş, 1993-cü ildə imzalanmış Fərmanla dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunmuşdur. Bu, dünya üzrə sayı 50 milyonu keçən bütün azərbaycanlıların bayramıdır. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq ölkəmiz bütün azərbaycanlılar üçün doğma Vətəndir.
Başa çatmaqda olan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Konstitusiya və Suverenlik İli” elan olunmuş 2025-ci il müəllifi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının otuzuncu və müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının beşinci ildönümünə təsadüf edilməsi ilə əlamətdar olmuşdur. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ardıcıl uğurlu addımlar atılır, soydaşlarımızın öz dədə-baba torpaqlarına layiqli şəkildə qayıdışı təmin edilir.
Bu bayram günü biz həmçinin Vətənimizin azadlığı, dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü naminə canlarından keçmiş mərd oğul və qızlarımızı da dərin ehtiramla yad edir, bütün şəhidlərmizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə can sağlığı arzulayırıq.
Bu gün ana yurdumuz Azərbaycan regionda və beynəlxalq miqyasda ictimai-siyasi sabitlik məkanı, multikulturalizm və tolerantlıq örnəyi, həmçinin siyasi, iqtisadi və mədəni mərkəz kimi tanınır.
Əziz qubalılar,
Ölkəmizin bütün sakinləri kimi bizim üçün də 2025-ci il uğurlu və yaddaqalan illərdən biri olmuşdur. Başa çatmaqda olan ildə rayonumuzda ictimai-siyasi və ideoloji sahələrdə görülən işlər, eləcə də tikinti, təmir, yenidənqurma və abadlıq işləri davam etdirilmişdir. Rayonumuzda respublika səviyyəli, regional və müxtəlif ictimai-siyasi və mədəni-kütləvi tədbirlər keçirilmiş, rayonumuzun çoxlu sayda yerli və xarici qonaqları olmuşdur.
2025-ci ildə rayonumuzun ərazisində xeyli işlər görülmüş, Alekseyevka kəndinin ərazisində “Frutena” MMC tərəfindən Meyvə konsentratı, meyvə şirəsi istehsalı və doldurulması müəssisəsinin tikintisi qısa müddətdə başa çatdırılmış, yollarda əsaslı təmir işləri həyata keçirilmiş, yeni yollar çəkilmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən cari ilin 4 iyun tarixində imzalanmış müvafiq Sərəncama əsasən Quba rayonunun Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) – Çiçi – Səbətlər – Qənidərə – Sırt Çiçi – Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı işlərə başlanılmış, Quba şəhərinin Nizami adına mədəniyyət və istirahət parkında əsaslı şəkildə təmir və yenidənqurma işləri aparılmış, rayonun Şəhidlər Xiyabanı yeni layihə əsasında şəhidlərimizin əziz xatirəsinə uyğun səviyyədə yenidən qurulmuş, əhalinin mavi yanacaq, elektrik enerjisi, suvarma və içməli su ilə təchizatının, eləcə də rabitə xidməti ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər icra edilmişdir.
Hazırda Quba Peşə liseyinin və Hacıhüseynli kənd tam orta məktəbinin yeni binalarının, Quba DOST və Peşə hazırlığı mərkəzinin tikintisi davam etdirilir. Qarşıdakı dövrdə rayonumuzun bir sıra yaşayış məntəqələrində yeni modul tipli məktəblərin quraşdırılması və digər layihələrin icrası nəzərdə tutulmuşdur. Görüləsi işlərimiz hələ çoxdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən “Konstitusiya və Suverenlik İli” elan olunmuş il çərçivəsində rayonumuzda çoxlu sayda silsilə tədbirlər keçirilmişdir.
Əziz həmyerlilər,
Xalqımızın və dövlətimizin qüdrətinin daim yüksəklərdə olması, həmçinin bütün arzularımızın reallaşması naminə biz bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında hər zaman olduğu kimi sıx birləşərək böyük əzmlə çalışmalıyıq.
Qarşıdan gələn gözəl bayramlar münasibətilə bir daha sizləri səmimi qəlbdən təbrik edir, hamınıza möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, bol ruzi-bərəkət və işlərinizdə müvəffəqiyyətlər arzu edirik.
Bayramlarınız mübarək!

media-728x90banner

Bənzər xəbərlər