İmanın, inancın, kamilliyin nümunəsi olan Ramazanda dualarımız qəbul olunub
Bəşər tarixində öz mədəni üstünlükləri, ədəbi inciləri, fəlsəfi düşüncəsi ilə xüsusi mövqe tutan Azərbaycan xalqı bir çox xüsusiyyətləri ilə dünyaya örnək olub. Bu sırada xalqımızın bütün dönəmlərdə sülhpərvər ruhu, qonşu, yaxın-uzaq xalqlarla dostluq münasibətini üstün tutması xüsusi önəm kəsb edib. Məhz bu səbəbdən Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan həm də dini və milli baxımdan xalqların, millətlərin birgəyaşayış mərkəzi kimi tanınıb.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi çoxmillətli, çoxkonfessiyalı dövlət kimi Azərbaycanın tarixində heç vaxt dini, milli zəmində ayrı-seçkilik, yaxud da qarşıdurma olmayıb. Ölkəmiz tolerantlığı ilə hər zaman seçilib, birgəyaşayışı təlqin edib və buna nail olub. Azərbaycan müxtəlif xalqların qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan kimi nümunə sərgiləyir. Dini, milli mənsubiyyətindən asılı olmayaraq respublikamızda yaşayan vətəndaşlar üçün hər bir şərait yaradılıb, onlar dövlətin diqqətini, qayğısını həmişə hiss edirlər. Bunun nəticəsidir ki, tolerantlığın məbədgahı olan Azərbaycanda şiələr və sünnilər eyni məsciddə bərabər namaz qılırlar. Dünyada mövcud olan məzhəb ayrı-seçkiliyinin yaratdığı münaqişələr fonunda Azərbaycan əsl nümunə sayılacaq ölkələrdəndir. Xalqımız bütün zamanlarda öz dini adət-ənənəsinə sadiq qalıb. Hətta sovet dönəmində belə bu sədaqət qorunub. İslamın mühüm rituallarından biri olan orucluq xalqımız üçün xüsusi önəm kəsb edib. İnsanların sosial təbəqəsindən asılı olmayaraq birliyini və Allah qarşısında bərabərliyini təbliğ edən Ramazan hər zaman ölkəmizdə böyük coşqu ilə keçirilib.
Çünki Ramazan bəşəriyyət üçün mərhəmət, xeyirxahlıq kimi üstün keyfiyyətləri təlqin edir. Bu baxımdan Ramazan dualar, niyyətlər, sağlamlıq, xeyirin şərə, nəfsin maddi nemətlərə qələbə qazandığı aydır. İmanın, inancın, kamilliyin nümunəsi olan Ramazan humanitar marafonlarla insanlığın qorunmasına və yaşadılmasına xidmət edir. İllər boyunca etiqadlı soydaşlarımızın iftar və bayram duası Ramazanı işğal olunmuş torpaqlarda qeyd etmək, bu ellərdə oruc tutmaq olub. Artıq həmin dualar qəbul edilib. Müzəffər Ali Baş Komandanın qətiyyəti, qəhrəman ordumuzun şücaəti ilə azad olunan torpaqlarda iftar süfrələri açılır, bayram namazları qılınır.
Bu gün Azərbaycan müqəddəs islam bayramını qeyd etməklə bərabər, dövlət və xalq olaraq Ramazanın bəşəri prinsiplərini – sülh, bərabərlik və ədalət normalarını dünyaya bəyan edir. Xalqımız öz doğma torpaqlarında bayram sevinci ilə yanaşı, qüdrətli dövlət qürurunu da yaşayır.
Mübarək Ramazan bayramınız mübarək, bayrağımız və dövlətimiz daim uca olsun!
Tanrı xalqımızı və dövlətimizi qorusun!
Rəşad Mahmudov
Milli Məclisin deputatı










