İnam Kərimov: “Məhkəmə sistemi olaraq rəqəmsallaşma sahəsi genişləndirilir”
“Bu gün məhkəmə sistemi sahəsində də Türk dünyası ilə qarşılıqlı əlaqələrə xüsusi önəm verilir”.
XALQ.AZ xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Bakıda keçirilən “Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfransın açılış mərasimində deyib.
O ötən ilin oktyabr ayında Şuşa şəhərində Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis edilməsi ilə bağlı Şuşa Bəyannaməsinin imzalandığını xatırladıb.
“Bununla da ölkələrimizin məhkəmə sistemləri arasında münasibətlərdə yeni səhifə açılmış oldu. Həmçinin bu yaxınlarda Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin II Toplantısı keçirildi, yeni şəbəkənin yaradılması və gələn il Toplantının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildi”, – deyə İ.Kərimov bildirib.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında qeyd edib ki, “Məhkəmə sistemi olaraq rəqəmsallaşma sahəsində olan təcrübəmizi bölüşməyə və yeni xidmətlərin yaradılması və inkişaf etdirilməsində birlikdə işlər görməyə hər zaman hazırıq”.
O bildirib ki, hazırda dünyada rəqəmsallaşma tempi ildən ilə daha da sürətlənir: “Texnologiya gündəlik həyatın bütün sahələrində bu və ya digər formada geniş istifadə edilir. İnsanlar əksər məlumatları və xidmətləri texnoloji imkanlardan istifadə edərək əldə edir, hətta onlayn şəraitdə də işləyə bilirlər. Eyni zamanda insanların dövlət xidmətlərindən də eyni cür asanlıqla yararlanmaq kimi gözləntiləri və tələbləri var. Məhz buna görə də bir çox dövlətlər, eləcə də Azərbaycan dövləti bu sahənin inkişafına böyük önəm verir. Deyə bilərik ki, bu sahədə önəmli uğurlar da əldə olunub. Təbii ki, dövlətlər robototexnika, maşın öyrənməsi, süni intellekt, “Big Data” kimi sürətli dəyişən texnoloji yeniliklərin yaratdığı imkanlarla bərabər, onların gətirdiyi müasir çağırışlarla da üzləşirlər. Bu unikal çağırışlara cavab vermək üçün dövlət strukturlarının müasir tələblərə uyğun qurulması, peşəkarlığın artırılması və innovativ texnologiyaların geniş tətbiqi və dövlət xidmətlərində çevikliyin artırılması təbii ki, zamanın tələbinə çevrilib. Məhz bu səbəbdən son illərdə ölkəmizin dövlət qurumlarında da bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülüb. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilib”.










