Azərbaycanın əldə etdiyi siyasi və dövlət müstəqilliyinin möhkəmləndirilməsində iqtisadi müstəqillik həlledici əhəmiyyət daşıyır. Güclü iqtisadiyyat, dayanıqlı maliyyə sistemi və milli iqtisadi potensial ölkənin müstəqil qərarlar qəbul etməsinin, milli maraqlara əsaslanan siyasət yürütməsinin əsas şərtlərindəndir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, müasir Azərbaycanın iqtisadi müstəqilliyinin əsasları Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra formalaşdırılıb.

“Ölkədə siyasi sabitliyin təmin edilməsi, iqtisadi islahatların həyata keçirilməsi, xarici investisiyaların cəlb olunması və enerji strategiyasının uğurla reallaşdırılması sonrakı inkişaf üçün möhkəm zəmin yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət yeni mərhələdə daha da inkişaf etdirilib, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi, sahibkarlığın inkişafı, regionların sosial-iqtisadi tərəqqisi və insan kapitalının formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. İqtisadi müstəqillik yalnız maliyyə imkanlarının genişliyi ilə ölçülmür. Burada ölkənin öz iqtisadi prioritetlərini müəyyənləşdirmək, strateji qərarlarını milli maraqlar əsasında qəbul etmək, xarici təsirlər qarşısında dayanıqlı olmaq və daxili potensialını səfərbər etmək imkanları mühüm rol oynayır”, – deyə deputat bildirib.

Milli Məclisin deputatı əlavə edib ki, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması, qeyri-neft sektorunun inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, ixrac coğrafiyasının şaxələndirilməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi iqtisadi suverenliyin möhkəmləndirilməsinə xidmət edir: “Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin əsas istiqamətlərinin dəyişməz qaldığını bildirərək, həmin xəttin mühüm elementləri sırasında müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkənin öz imkanlarından maksimum istifadə etməsini xüsusi qeyd edib”.

A.Hüseynov bildirib ki, bu yanaşma iqtisadi siyasətin yalnız cari göstəricilərə deyil, Azərbaycanın uzunmüddətli dövlətçilik maraqlarına xidmət etdiyini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas dayaqlarından biridir. Azərbaycan öz iqtisadi imkanlarını artırmaqla yanaşı, dövlətin müdafiə qüdrətini, sosial siyasətini və beynəlxalq mövqelərini də gücləndirir.

“Qarşıdakı dövrdə iqtisadi müstəqilliyin daha da möhkəmləndirilməsi üçün iqtisadiyyatın rəqəmsallaşdırılması, innovasiyaların tətbiqi, yüksək texnologiyaların inkişafı, qeyri-neft ixracının artırılması, yerli istehsalın genişləndirilməsi və insan kapitalının gücləndirilməsi əsas prioritetlərdən olmalıdır. Xüsusilə yeni iqtisadi reallıqlar şəraitində rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması Azərbaycanın suveren inkişaf modelinin davamlılığını təmin edən başlıca amillərdən biri olacaq. Azərbaycanın iqtisadi müstəqilliyi artıq yalnız iqtisadi göstərici deyil, dövlət suverenliyinin mühüm komponentidir. İqtisadiyyatın dayanıqlığını artırmaq və ölkəmizin gələcək nəsillər üçün daha güclü iqtisadi potensiala malik dövlət kimi inkişafını təmin etməkdir”, – deyə deputat əlavə edib.


media-728x90banner

Bənzər xəbərlər