Mahir Süleymanlı hər bir seçicinin qayğısı ilə maraqlanır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlının Şabran rayonunun Ağalıq və Dağbilici kəndlərində Ağalıq, Təzəkənd, Söhbətli, Daşlıyataq, Dağbilici və Mumlu kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə – “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Mehdi Balabəyov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü – qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyası fəaliyyət dövrü ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmiş, siyasi ləyaqət etalonu yaratmışdır. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Mehdi Balabəyov, 56 saylı Şabran-Xaçmaz seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlı haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Mahir Süleymanlı əvvəlcə YAP-ın seçki platforması haqqında geniş və ətraflı məlumat verib. O bildirib ki, Yeni Azərbaycan Partiyasının çoxşaxəli fəaliyyəti ölkədaxili ictimai-siyasi münasibətlərdə fəal iştirakla məhdudlaşmır, eyni zamanda beynəlxalq məzmun, xarakter və əhəmiyyət daşıyır. Daha dəqiq desək, Azərbaycanın davamlı, dayanıqlı və dinamik inkişafına ardıcıl töhfələr verməyi başlıca strateji vəzifə və fəaliyyət istiqaməti kimi müəyyənləşdirən Yeni Azərbaycan Partiyası, həmçinin ölkənin inzibati-coğrafi sərhədlərindən – respublikamızın hüdudlarından kənarda səmərəli əlaqələr formalaşdırmaqla, davam və inkişaf etdirməklə öz missiyasını yerinə yetirir. Ulu Öndərimizin liderliyi ilə güclü siyasi təşkilat və xalqın partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası dövlətimizin qurulması və inkişafında xidmətləri olan böyük siyasi idarəçılık məktəbidir. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Yeni Azərbaycan Partiyasının arxada qoyduğu möhtəşəm 31 ilə nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, Yeni Azərbaycan Partiyası qüdrətli siyasi təşkilat olmaqla Azərbaycanın dövlətçilik maraqlarının qətiyyətli və etibarlı müdafiəçisidir.
Mahir Süleymanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaqdır. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvü Şəfiqə Məmmədova və digərləri çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ötən 31 il ərzində zəngin siyasi yol keçərək, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynamışdır. Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlər Ulu Öndərin yaratdığı və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu gün Azərbaycan qalib ölkə kimi regionun gələcək inkişafı ilə bağlı prioritetləri müəyyənləşdirən güclü dövlət olaraq bölgənin stabilliyinin qarantı rolunu oynayır və Azərbaycan dövlətinin qazandığı bütün uğurlar milli-mədəni dəyərlərimizin daha da inkişaf etdirilməsinə, aparılan demokratik islahatlara, vətəndaş cəmiyyətinin güclənməsinə öz töhfəsini vermiş və bu uğurlar nəticəsində Azərbaycan dövləti beynəlxalq arenalarda daha da inkişaf edəcəkdir.
Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə vurğulayıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Mahir Süleymanlı rayonun Ağalıq kəndində Vətən müharibəsi şəhidi Vüsal Xəyyam oğlu Mahmudovun ailəsini, Dağbilici kəndində isə Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki antiterror əməliyyatları zamanı şəhid olmuş Sahil Əhliman oğlu Aslanovun ailəsini ziyarət edib, şəhid ailələrinin qayğıları ilə maraqlanıb.


























