Mayor olan rəis rüşvət almağa görə həbs olundu
Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev Hərbi Prokurorluq tərəfindən saxlanılıb.
XALQ-ın məlumatına görə, mayor Haqverdiyev korrupsiyada ittiham olunur.
Müdafiə Nazirliyinin müraciəti əsasında Sanatoriyanın rəisi barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb
Qeyd edək ki, Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyevin həbsi ilə bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin İstirahət evinin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib.
Bununla bağlı müvafiq istintaq hərəkətlərinin aparılması, hadisəyə hüquqi qiymət verilməsi və qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib.
Qeyd edək ki, İ.Haqverdiyev Bakı Hərbi Məhkəməsinin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.