Mehriban Vəliyeva: “Azərbaycan regionda yaratdığı yeni reallıqlar artıq qəbul olunur”
“Azərbaycan bu gün ərazi bütövlüyünü bərpa edib, regionda güclü dövlətə çevrilib”.
Bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanı sevən dövlətlər də var, qəbul etməyən dövlətlər də: “Xüsusilə də Qərbin, Amerika Birləşmiş Ştatları və Fransanın təzyiqini görürük. Onların məqsədi nə Azərbaycan, nə də Ermənistanla bağlıdır. Qərb Avrasiyada öz mövqeyini qoruyub saxlamaq niyyətindədir. Belə bir zamanda ən mühüm məsələlərdən biri milli təhlükəsizliyin qorunub saxlanmasıdır. Bu istiqamətdə çox güclü və davamlı işlər aparılır. Cənab Prezident İlham Əliyev dayanmadan çalışır. Cənab Prezident milli təhlükəsizliklə bağlı danışanda Qərbin necə siyasət yürütdüyünü qeyd edir. Hər kəs öz funksiyasını, missiyasını dərk etməlidir. Belə bir prosesdə məsuliyyətsiz olmağın yeri də yoxdur”.
M.Vəliyeva bildirib ki, Qərbi Azərbaycanın iqtisadi inkişafı narahat edir: “Azərbaycan sürətli inkişaf yolundadır. Ölkəmiz COP29 kimi böyük bir tədbir öncəsində dünyaya Qarabağ və Şərqi Zəngəzur timsalında yaşıl enerji zonası təqdim edir. Ölkəmiz dünyaya pandemiya dövründə bir cür, bu gün isə başqa cür nümunədir. Qoşulmama Hərəkatında az inkişaf etmiş ölkələrə dəstək olmaq üçün çalışan Azərbaycan burada da nümunə idi. Təbii ki, bunlar Qərbi narahat edəcək. Qərb çalışacaq ki, Azərbaycanı gücdən salsın. Belə bir şəraitdə hamımızın qarşısında duran vəzifə milli təhlükəsizliyin təmin olunmasıdır”.










