Metro dayandı, yollar bağlı: Bakını nə gözləyir? – Deputat AÇIQLADI
Sabahdan yeni tədris ili başlayır və bununla əlaqədar paytaxt yollarında nəqliyyat sıxlığının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Belə bir ərəfədə bəzi metro stansiyalarının fəaliyyət göstərməməsi, eləcə də bir sıra əsas yolların təmir işləri ilə əlaqədar bağlanması vəziyyəti daha da çətinləşdirə bilər. Xüsusilə səhər saatlarında məktəb və işə gedənlərin sayının artması paytaxtın bir çox küçə və prospektlərində sıxlığın pik həddə çatmasına səbəb olacaq, deyə bilərik. Bu isə əlavə vaxt itkisi, gərginlik və stress deməkdir.
Xalq.online Tribuna.az -a istinadən xəbər verir ki, bu mövzu ilə bağlı danışan deputat Razi Nurullayev bildirib ki, belə məqamlarda dövlət qurumları arasında koordinasiyanın daha yaxşı qurulmasına ehtiyac var:
“Düşünmürəm ki, hər hansı dövlət qurumu yolu, küçəni və ya metro stansiyasını bağlamaqla xalqı bilərəkdən narazı salmaq məqsədi güdür. Bu cür işlərin arxasında, adətən, zəruri təmir və infrastruktur məsələləri dayanır.
Məsələ ondadır ki, belə təmir işləri bir-iki günə başa gəlmir, bəzən aylarla davam edir. Maliyyələşmənin və vəsaitlərin ayrılmasının da həmişə planlaşdırıldığı vaxtda həyata keçirilmədiyi hallar olur. Nəticədə müəyyən işlər üst-üstə düşür və ən uyğun olmayan vaxtda başlanmış kimi görünür.
Bununla belə, dövlət qurumları arasında koordinasiyanın daha yaxşı qurulmasına ehtiyac olduğu da danılmazdır. Xüsusilə dərs ilinin başlaması, insanların işə qayıtması və şəhərdə hərəkətliliyin artması nəzərə alınaraq yol və nəqliyyat təmir işləri daha əvvəlcədən və daha yaxşı əlaqələndirilməlidir.
Ümid edək ki, ilk günlərdə yaranacaq müəyyən çətinliklər tədricən aradan qalxacaq və hər şey yoluna düşəcək. Əsas məsələ həm təmirin keyfiyyətli aparılması, həm də bu müddətdə vətəndaşlar üçün mümkün qədər az narahatlıq yaradılmasıdır”.










