Millət vəkili Bakı üçün vacib təklif verdi
“Böyük şəhərlərə, meqapolislərə xas olan tıxac bir çox inkişaf etmiş ölkələrdə problem kimi ortaya çıxır”.
Buтг Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O bildirib ki, Bakı şəhərində də əhali və avtomobil sayı artdıqca tıxac problemi ilə hər gün qarşılaşırıq:
“Lakin Mərkəzi icra orqanları paytaxtdakı tıxacların aradan qaldırılması ilə bağlı proqram hazırlayıb. Bu sahə üzrə dünyada tanınmış ekspertləri də işə cəlb etməklə məsələnin həlli üçün işlər aparılır.
Təbii olaraq, mütəxəssislər Bakıda tıxacları aradan qaldırmaq üçün müxtəlif təkliflər verirlər. Əvvəlcə, yollar və körpülər şaxələndirilməli, yolların daralmasının qarşısı alınmalı və ictimai nəqliyyat sistemi düzgün çalışmalıdır.
Təəssüflər olsun ki, vaxtında Bakıda trolleybus və tramvayları ləğv etməklə həm şəhərin koloritində dəyişiklik olundu, həm də ictimai nəqliyyat infrastrukruna yönəlik səhv addım oldu”.
Millət vəkili diqqətə çatdırıb ki, dünyada ictimai nəqliyyat yaxşı işləyən şəhərlərdə tıxac problemi aradan qalxıb:
“Bakıda da yeni metro stansiyaları tikilir. Lakin bu məsələ davamlı olmalı və bütün şəhəri əhatə etməlidir. İctimai nəqliyyat saat kimi işləməlidir. İnsanlar ictimai nəqliyyatla hərəkət etməklə mənzil başına daha tez çata biləcəklərindən əmin olmalıdırlar. Yəni bu məsələ mütləq surətdə həllini tapmalıdır.
Nəzərə almaq lazımdır ki, ölkədə insanların sayı artır. Həmçinin, ölkədə 2 milyona yaxın avtomobil var və bu say durmadan artır.
Buna baxmayaraq, Azərbaycan adambaşına düşən avtomobil sayına görə dünyada ilk sıralarda deyil. Əslində, avtomobillərin sayının artması tıxaclarıın əsas səbəbi deyil”.
Vüqar İskəndərov qeyd edib ki, düzgün yanaşma və idarəetmə Bakıda tıxac probleminin həllinə nail olmaq mümkündür:
“Bakı şəhərində Sovet İttifaqından miras qalan bir çox mənfi məsələlər var. Bu, paytaxtın mərkəzində məktəblərin, universitetlərin, nazirliklərin və dövlət idarələrinin sayının çox olmasıdır. Əlbəttə ki, bu da şəhərin mərkəzi hissələrində tıxaclara səbəb olur. Düşünürük ki, bunların hər birinə kompleks şəkildə baxılmalıdır.
Ümumiyyətlə, Bakı şəhərində tıxac problemini mərhələli şəkildə həll etmək lazımdır. Bakını tıxacsız şəhərə çevrilməliyik. Müvafiq dövlət qurumları və təşkilatlar birlikdə çalışaraq tıxac probleminin həll olunması istiqamətində addımların atılmasını təmin etməlidirlər”.










