Millət vəkili Binədə seçiciləri ilə görüşdü
2026-cı ilin 12 sentyabr tarixində 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə deputat Gülşən Paşayevanın Binə qəsəbəsində təşkil etdiyi vətəndaş qəbulunda Bakı şəhəri Xəzər rayonu Binə və Qala inzibati ərazi dairələrinin nümayəndəliklərinin və bələdiyyələrinin nümayəndələri, eləcə də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və 22 saylı Mediasiya təşkilatının təmsilçiləri iştirak etmişlər.
Qəbul zamanı vətəndaşlar Xəzər rayonunun Binə qəsəbəsində yerləşən və tarixi-memarlıq abidələrindən biri olan Möhsün Səlim məscidinin binasının hal-hazırda təmirə ehtiyacı olması ilə bağlı öz narahatlıqlarını bildirmişlər. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi bu məsələ ilə bağlı vətəndaşlara ətraflı məlumat vermiş və daha sonra onlarla birlikdə məscidə baxış keçirmişdir.
Eyni zamanda qəbulda vətəndaşlar daha bir sıra məsələlər ilə bağlı, o cümlədən əmlakın özəlləşdirilməsi, vərəsəlik, küçələrin işıqlandırılması, və s. öz fikirləri ilə bölüşmüşlər. Gülşən Paşayeva vətəndaşları diqqətlə dinləmiş və müraciətlərin qeydiyyatını aparmışdır. O, yazılı müraciətləri aidiyyəti üzrə müvafiq qurumlara təqdim edəcəyini bildirmişdir.
Deputat Gülşən Paşayevanın növbəti vətəndaş qəbulu 19 sentyabr tarixində saat 11.00-dan – 13.00-dək Qala qəsəbə klubunda (Qala qəsəbəsi, Sülh küç. 6) keçiriləcəkdir.















