Millət Vəkili: Həmin gün tarixdə Azərbaycanın zəfəri və qələbəsi kimi qalacaqdır
“Prezident İlham Əliyevin 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarına səfəri və Ağ Evdə Ermənistanla sülh sənədinin paraflanması Cənubi Qafqazda münaqişəyə son qoyan tarixi hadisə kimi dəyərləndirilməlidir. Bu səfər Azərbaycanın qələbəsini beynəlxalq səviyyədə sənədləşdirdi, rəsmiləşdirdi, Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığın təməlini qoydu və regionda kommunikasiyaların, nəqliyyat xətlərinin açılmasına yol açdı”.
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev bildirib.
Deputatın fikrincə, tarixi səfərin əhəmiyyəti və nəticələrinin əsas istiqamətləri bundan ibarətdir ki, Vaşinqton sammiti Azərbaycanın sülh təşəbbüslərini bütün dünyaya yaydı və qlobal səviyyədə sülhü dəstəkləndiyini göstərdi: ” Burada strateji əməkdaşlıqdan da söhbət gedir. Əsasən Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının yaranması üçün memorandum imzalandı. Hər bir dövlət burada iqtisadi dividentdlər qazandı. İkitərəfli və qlobal enerji layihələri, o cümlədən yeni nəqliyyat dəhlizləri müzakirə edildi”.
A.Nağıyevin sözlərinə görə, sülh siyasətinin praktiki nəticələri də bundan ibarət oldu ki, hərbi qələbənin siyasi təsdiqi baş tutdu: “Azərbaycan güc amili ilə yaratdığı yeni reallığı diplomatiya müstəvisində uğurla başa çatdırdı. Xarici İşlər Nazirliyi sülh sazişinin mətnini razılaşdırdı və parafladı. Kommunikasiyaların açılması ilə bağlı Naxçıvanla əlaqəni təmin edən nəqliyyat marşrutları (“Tramp marşrutu”) qəbul edildi. Regiona və tərəflərə gətiriləcək üstünlüklərin davamlı olması, 30 illik düşmənçiliyə son qoyulması və sabitliyin bərqərar olması ən mühüm amillərdəndir.
Bütün Cənubi Qafqazın nəqliyyat və ticarət mərkəzinə çevrilməsi istiqamətində ciddi addımlar atıldı və bu proses devam etməkdədir. Ermənistanın tezləşdirilmiş kommunikasiya xətlərindən iqtisadi fayda əldə etmək şansı yarandı”.
Millət vəkili Ermənistanda bu tarixin bayram kimi qəbul edilməsini də diqqətə çatdırdı: “Bu o qədər mühüm bir görüş və məsələ idi ki, bugün artıq Ermənistan rəhbərliyi də bu günü bayram kimi qəbul edərək həm Azərbaycan xalqını, həm də Ermənistan xalqını təbrik edir. Bir sözlə, 8 avqust 2025-ci il tarixində təməli qoyulmuş və müharibədən sonrakı dövrdə sülhün bərqərar olması istiqamətində atılan addımlar məhz həmin tarixlə bağlıdır. Artıq Azərbaycanın humanitar sahədə atdığı addımlar, digər istiqamətlər, keçirilən görüşlər, istər cəmiyyət nümayəndələrinin, istərsə də siyasi rəhbərliyin görüşməsi çox mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, həmin gün tarixdə Azərbaycanın zəfəri və qələbəsi kimi qalacaqdır”.










