Musa Quliyev bu qanunlarda dəyişiklik edilməsi layihəsi barədə çıxış etdi
Bu gün Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib. İclasda gündəliyə daxil olan məsələdə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, sənəddə təklif olunan dəyişikliklərin “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin tələblərindən irəli gəldiyini və uyğunlaşdırma məqsədi daşıdığını söyləyib.
Bildirilib ki, qanun layihəsinə əsasən, diplomatik xidmət orqanı əməkdaşlarının xaricdə xidmətkeçmə dövründə onlarla birlikdə yaşayan həyat yoldaşlarının öz ölkələrində iş yerlərinin saxlanılması ilə bağlı mütəmadi rast gəlinən problemləri həll olunacaq, eləcə də fəaliyyətindən və həmin orqanlarda xidmətkeçmədən irəli gələn əmək, vergi, sosial sığorta, əmək pensiyası və digər məsələlərlə bağlı hüquqi normaların sahəvi qanunlarda sistemli şəkildə tənzimlənməsi təmin ediləcək.
İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli rəhbərlik etdikləri komitələrin bu sənəd barədə müsbət rəyini diqqətə çatdırıblar.
Sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.