Müşfiq Cəfərov: “ATƏT-in Minsk Qrupu bunu bacarmadı”
30 ilə yaxın davam edən bir münaqişənin hüquq müstəvisində həll olunmamasının əsas səbəbi ikili standartlar və beynəlxalq riyakarlıqdır. Bildiyimiz kimi, beynəlxalq vasitəçilərin əsas məqsədi müharibənin, insan faciələrinin və fəlakətlərin qarşısını almaq idi. Lakin onlar bunu bacara bilmədilər. Halbuki sırf bu məqsədlə yaradılmış beynəlxalq səlahiyyətə sahib təşkilatlar idi. Əgər ATƏT-in Minsk Qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub, işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmayacaqdı. Təəssüf ki, onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk Qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
“Biz 30 ildə gördük ki, beynəlxalq hüququn tələblərinə uyğun olaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Beynəlxalq təşkilatların sərt sanksiyaları savaşın qarşısını almalıydı. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub, bizim torpağımızdan çıxacaqdılar. Rəsmi İrəvan 30 il ərzində münaqişənin sülh yolu ilə həll olunmasından yayınırdı. Lakin bu statusa malik dövlətlər Ermənistanı himayə etdi. Minsk Qrupu daha müsbət, daha da cəsarətli addımlar atmalı idi. Onlar isə sadəcə olaraq, buna müşahidəçi kimi yanaşırdılar. Ona görə İkinci Qarabağ müharibəsinin başlanmasında, əlbəttə ki, ən böyük məsuliyyət Ermənistanın və fəaliyyətsiz beynəlxalq qurumların üzərinə düşür. Minsk Qrupuna sədrlik edən ölkələr, onların prezidentləri işğal dövründə bir neçə dəfə çox müsbət açıqlamalar verdilər. Onlar açıq bəyan etmişdilər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu addım dövlətimiz tərəfindən müsbət qəbul edildi. Bu, uzun illər ərzində gözlənilən bir açıqlama idi. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması demək idi. Ancaq bu açıqlamalardan sonra onlar əməli addımlara keçmədilər. Bundan da əlavə, bir müddət sonra onlar bu ifadədən də geri çəkildilər və həmsədrlər tərəfindən yeni bir ifadə ortalığa atıldı – status-kvo dayanıqlı deyil. Zaman göstərdi ki, Minsk qrupu sadəcə olaraq bu məsələni həll etmək fikrində deyildi” – M.Cəfərov qeyd edib.










