Müstəqillik tarixinin ən parlaq dövrünü yaşayırıq
“107 il əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirməyə başladı. İlk parlament, hökumət yaradıldı, dövlət atributları təsis olundu, sərhədlər müəyyən edildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Bununla milli dövlətçilik ənənələrinin yeni səhifəsi açılmış oldu”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva qeyd edib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan vətəndaşlıq institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadı:
“Cəmi 23 ay mövcud olsa da, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin yaranmasına əhəmiyyətli təsir göstərdi. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu, milli ordu quruldu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu.
Azərbaycan Xalq Cümhuriyyəti həm də xalqın milli mənlik şüurunun özünə qaytarılması demək idi. Biz XX əsrin sonlarında bunun şahidi olduq. Belə ki, həmin dövrdə müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Baş verənlər bir daha təsdiqlədi ki, ümumilli liderin də söylədiyi kimi, “müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir”. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu”.
Könül Nurullayeva vurğulayıb ki, son 22 ildə isə Azərbaycan tam yeni inkişaf mərhələsinə qədəm qoyub:
“Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
Cənab Prezidentin də söylədiyi kimi, “İyirmi üç aydan sonra respublikanın süqut etməsi onu göstərir ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmış və təsis etmişdir.”
2020-ci ildən etibarən isə Prezident İlham Əliyevin üçrəngli bayrağımızı azad edilmiş bütün bölgələrdə qürurla qaldırması qələbəmizin təntənəsidir. Dövlət başçımızın da söylədiyi kimi, biz hazırda müstəqillik tarixinin ən parlaq dövrünü yaşayırıq. Təsadüfi deyil ki, Müstəqillik günü ilə bağlı dünyanın nüfuzlu dövlət başçılarından gələn təbriklərdə də Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə ən yüksək səviyyədə dəstək ifadə olunur.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün işğaldan azad olunmuş ərazilər başda olmaqla ölkəmizin hər yerində dalğalanması Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”.