Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!
Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!
28 may 1918-ci il tarixdə müsəlman Şərqində ilk parlamentli demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olundu. Bu tarixi hadisə azərbaycanlıların azadlıq və müstəqillik arzularının təntənəsi idi. Cümhuriyyətin yaradılması təkcə Azərbaycanın deyil, bütövlükdə Şərq dünyasının siyasi həyatında dönüş nöqtəsi oldu.
AXC demokratik dəyərlərə əsaslanan dövlət quruculuğunu hədəf götürdü. Qısa ömrünə (1918–1920) baxmayaraq, bir çox mühüm islahatlara imza atdı: milli ordu yaradıldı, ilk universitet – Bakı Dövlət Universiteti təsis olundu, dövlət atributları qəbul edildi və müxtəlif millətlərə, dinlərə mənsub insanlara bərabər hüquqlar verildi. Qadınlara səsvermə hüququnun verilməsi isə dövrünə görə olduqca irəlidə olan bir addım idi.
Lakin Cümhuriyyət cəmi 23 ay yaşadı və 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində süqut etdi. Bununla belə, AXC-nin qoyduğu təməl müstəqil Azərbaycan dövlətinin gələcək inkişafı üçün möhkəm əsas oldu.
1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi. Bu tarixi nailiyyətin qorunması və möhkəmləndirilməsi işində ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir. O, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkədə sabitliyi təmin etdi, müstəqilliyin davamlılığını təmin edən siyasi və iqtisadi islahatlar həyata keçirdi. Onun rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu artdı.
Müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı və qurucusu, xalqımızın Ümummilli Lideri, dahi və müdrik Şəxsiyyət, dünya şöhrətli siyasətçi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi :- “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir“
Bu gün Prezident İlham Əliyev atasının başladığı yolu uğurla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə güclü və nüfuzlu dövlətə çevrilib. 2020-ci ildə əldə olunan tarixi zəfər, müstəqilliyimiz uğrunda aparılan ən müdhiş savaş oldu!
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev şanlı qələbənin paradı haqqında demişdir: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq… Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”
Azərbaycan xalqını müstəqillik günü münasibətilə ürəkdən təbrik edirəm!
Ülviyyə Həmzəyeva
Millət vəkili