media-hece

 

Əsərləri ümumbəşəri mahiyyət daşıyan və ecazkar poetik qüvvəyə malik olan Nizami Gəncəvi yaradıcılığı ilə dünya ədəbiyyatına öz adını əbədi yazdırmışdır. O, əsərlərinin poetik gücü ilə Şərq bədii təfəkkürünü dünya miqyasında elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və ədəbiyyatı görünməmiş yüksəkliklərə qaldırmışdır. Dahi Azərbaycan şəxsiyyəti Nizami Gəncəvi, nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün dünya ədəbiyyatında yeni bir ədəbi məktəbin əsasını qoymuşdur. Dünya ədəbiyyatının ondan sonra yaşamış görkəmli nümayəndələri əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almış, ondan sənətkarlıq dərsi öyrənmiş, onun irəli sürdüyü mütərəqqi fikirləri tərənnüm edib, onu özlərinə böyük ustad bilmişdirlər. Nizami Gəncəvinin ölməz ədəbi irsi dünya ədəbiyyatına humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə, bilik, dərin fəlsəfi fikir aşılamışdır. Nizami Gəncəvinin zəngin yaradıcılığı dünya ədəbiyyatına qüvvətli təsir göstərmişdir. Dünya ədəbiyyatının bir çox məşhur simalarını Nizami Gəncəvi şeirinin ən yaxşı davamçılarındandırlar. Onun yaratmış olduğu ədəbi məktəb dünya ədəbiyyatına humanizm, insana məhəbbət, cəmiyyətdəki eyiblərin tənqidi, dostluq və məhəbbət ideyalarını aşılayır.  Qədim tarixə və çoxəsrlik inkişaf yoluna malik olan Nizami Gəncəvinin yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə dünya ədəbiyyatı arasında körpü rolunu oynamaqdadır. Nizami Gəncəvinin adı dahi dünya ədəbiyyatının nümayəndələri olan Homer, Dante,  Bokkaçio, Şekspir, Bayron, Puşkin, Lev Tolstoy ilə birgə çəkilir. Dahi şəxsiyyət dünya ədəbiyyatında əlçatmaz bir zirvə olaraq qalmaqdadır. Nizami Gəncəvinin “Xəmsə”si Azərbaycan ədəbiyyatı ilə yanaşı dünya ədəbiyyatınada əbədiyaşar, pozulmaz poetik naxışlar vurmuşdur. Nizami Gəncəvinin “Xəmsə”si dünya yazılı və şifahi xalq ədəbiyyatının zirvəsidir. “Xəmsə” Azərbaycan ədəbiyyatının şah əsəri olduğu qədər, eyni dərəcədə dünya ədəbiyyatının da möhtəşəm ədəbi abidəsidir. Nizami Gəncəvi “Xəmsə”ni dünya ədəbiyyatına ən böyük sənət ərmağanı yazmışdır və onun əsərləri dünya ədəbiyyatı hadisəsidir. Nizami Gəncəvinin yaradıcılığını dünya ədəbiyyatı miqyasında tədqiq və təbliğ edilməsi məsələsinin daim gündəmdə saxlanılması bütün ədəbiyyatşünasların vəzifə borcudur. Dahi ədibi dünya ədəbiyyatında Azərbaycan şairi kimi tanıtmaq, əsərlərindəki ədalət və humanizm ideyalarını ölkəmizdə və beynəlxalq aləmdə təbliğ edib, nizamişünaslıq elmini inkişaf etdirmək hər birimizin borcudur.  İsa Həbibbəyli “Nizami Gəncəvidən iqtibas” məqaləsində dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Nizami Gəncəvinin yaradıcılığından etdikləri iqtibasları geniş bir şəkildə şərh etmişdir. “Dahi şairin məşhur “Xəmsə”si əsasında Hindistanda Əmir Xosrov Dəhləvi (XIII-XIV əsr), Tacikistanda “Əbdürrəhman Cami (XV əsr), Özbəkistanda Əlişir Nəvai (XV əsr) Nizami Gəncəvinin ustad sənətkar kimi xidmətlərini yüksək qiymətləndirməklə və ondan ilham alaraq yeni ideya-məzmunda “Xəmsə”lər yaratmaqla Şərq ədəbiyyatı tarixində iz qoymuşlar. Ümumiyyətlə Şərq ədəbiyyatı və eyni zamanda Azərbaycan ədəbiyyatı uzun əsrlər Nizami Gəncəvinin sənət ideallarının və ictimai ideyalarının işığında yol getmişdir. Türk-müsəlman dünyasında “Sirlər xəzinəsi” poemasına 46, “Leyli və Məcnun”a 92, “Xosrov və Şirin” əsərinə yüzdən çox nəzirə yazılmışdır. Bütövlükdə Nizami Gəncəvinin əsərlərinə yazılmış nəzirə və bənzətmələrdən, böyük şairin yolunu yaradıcı şəkildə davam etdirən sənətkarların əsərlərindən möhtəşəm bir kitabxana yaratmaq mümkündür. Bu cəhətdən Nizami Gəncəvi ilə bəhsə girmək mümkün deyildir. Nəinki Şərqin böyük dühaları, hətta Höte kimi məşhur Qərb mütəfəkkiri də özünün məşhur “Şərq-Qərb divanı”nda Nizami Gəncəvidən bəhs etmiş, “Xəmsə”nin işığında əsərinə yeni bölmələr əlavə etmişdir” [3, s.2]. Nizami Gəncəvinin şeir yaradıcılığı dünya klassik lirikasının nadir mirvarilərindəndir. Azərbaycan poeziyasında süjetli lirikanın yaradıcısı olan Nizami Gəncəvinin əsərləri ecazkarlığı və bənzərsizliyi ilə təkrarsız möhtəşəmlikdir. Nizami Gəncəvinin zəngin yaradıcılığı mükəmməl və təkrarsız sənət nümunəsidir. Onun “Leyli və Məcnun” poemasını dünya ədəbiyyatının nümunəsi olan “Romeo və Cülyetta”dan əvvəl yazılmış romantik məhəbbət macərası adlandırırlar. “İskəndərnamə” poeması dünya ədəbiyyatının yeni tipli şahnaməsidir. Tədqiqatçılar dünya ədəbiyyatının ölməz əsərlərini Nizami Gəncəvinin əsərləri ilə eyniləşdirirlər. Belə ki, “İqbalnamə”ni  Aristotelin “Ritorika”sı, “Şərəfnamə”ni isə “Poetika”sı ilə eyni səviyyədə dəyərləndirirlər. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri ilə nəinki Şərq aləmində, hətta Qərb ölkələrində də siyasi hakimiyyət uğrunda mübarizənin fərqli yolunu və müsbət nəticələrini göstərmək baxımından tamamilə yeni bir yanaşmanın ifadəsi idi. Nizami Gəncəvinin yaradıcılığı ümumdünya qavrayışının cazibədar ədəbi təqdimatıdır. O, eşq və hikmətdən yoğrulmuş yaradıcılığı ilə dünya sənət dünyasını daha da zənginləşdirmişdir. Nizami Gəncəvinin ədalətli hökmdar mövzusu dünya ədəbiyyatında daim aktual mövzu kimi qalmaqdadır. Nizami Gəncəvinin eşqdən hikmətə doğru inkişaf dialektikası keçən əsərlərinin qəhrəmanları dünya ədəbiyyatında ideal insanlıq nümunəsidir. Belə ki, ədib əsərlərinin baş qəhrəmanlarının timsalında dünya ədəbiyyatında sözün həqiqi mənasında insanlıq manifesti yaratmışdır. O, dünya ədəbiyyatında ədalətli hökmdar formatında həyat nəfəsi gətirərək, mənəviyyat motivləri daxil etmişdir. Geniş dünyagörüşə və dərin biliklərə malik olan Nizami Gəncəvi şah əsərləri olan “İskəndərnamə” ilə siyasi-fəlsəfi, “Yeddi gözəl” ilə isə ədəbi-mənəvi ensiklopediya yaratmışdır. Nizami Gəncəvinin yaradıcılığı hadisələr üzərində maraqlı müqayisələr aparması, əhəmiyyətli nəticələr çıxarması və düşündürücü ideyalar irəli sürməsi ilə olduqca böyük əhəmiyyətə malikdir. Onun əsərlərinin ideyaları dünya intibahının ən mühüm və əsas çağırışları kimidir. Ramidə Yaqubqızı Respublika qəzetində dərc olunan “Dünya ədəbiyyatının dahi klassiki: Nizami Gəncəvi” məqaləsində böyük Azərbaycan şairi Nizami Gəncəvini dünya klassikləri ilə müqayisə etmişdir. “Nizami Gəncəvi yaradıcılığından, poeziyasından təkcə Şərq deyil, Qərb şairləri də bəhrələnmişdir. Nizami poeziyasının ilahi qüdrətindən yan keçə bilməyən klassiklərdən Dante,  Bokkaçio, Şekspir, Şiller,  Höte, Bayron, Puşkin və digərləri bəhrələnmişdir. Həmin klassiklər təkcə Nizami poeziyasından yararlanmamış,  həm də şairi təbliğ, tərənnüm etmişlər” [4, s.3].  Nizami Gəncəvinin millətlərəyanaşma tərzi həm öz xalqına, həm də dünya xalqlarına eynidir. Onun yaradıcılığında insanı düşündürmək, mənəvi cəhətdən saflaşdırmaqla onu dəyişdirib inkişaf etdirmək ən zəruri mətləblərdən biri kimi təqdim olunur. Dünya ədəbiyyatı tarixində xüsusi mövqeyə malik bir sənətkar olan Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığı ilə orta əsr Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində yeni bir dövr başlatmışdır. Onun misilsiz əsərləri və onun qabaqcıl ideyaları böyük sürətlə dünya ədəbiyyatı tarixində yayılaraq, bir çox xalqların ədəbiyyatının inkişafına müsbət təsir göstərmişdir. Nizami Gəncəvinin yaradıcılığı dünya ədəbiyyatında ideal qadın obrazının yaradılması baxımından da yüksək mövqeyə sahibdir. Əsərlərində ağıllı və tədbirli qadın obrazları yaradan Nizami Gəncəvinin qadın obrazlar geniş mənada dünya intibah ədəbiyyatının ideal sadə insan surətləridir. Nizami Gəncəvi yaratdığı qadın obrazları ilə dünya ədəbiyyatında Azərbaycan qadınlığının abidəsini yaratmışdır. O, əsərləri ilə türk-müsəlman dünyası ədəbiyyatına ciddi surətdə təsir etmişdir. Nizami Gəncəvinin dünya ədəbiyyatında tanıdılması və onun əsərlərinin geniş miqyasda yayılmasında Şərq ölkələrində qəbul edilmiş ədəbi ənənə olan fars dilində yazmasının böyük rolu vardır. O, dövrünün ənənələrinə əsasən fars dilində yazıb-yaratdığı üçün dünya ədəbiyyatında özünə çox asanlıqla özünəməxsus xüsusi yer tuta bilmişdir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı eşq, insanlıq və hikmət dastanı kimi bu gün Azərbaycan və dünya ədəbiyyatı üçün əhəmiyyətlidir. Nizami Gəncəvinin əsərləri yüksək milli və bəşəri simaları ilə dünya ədəbiyyatına təkrarsız Şərq cazibəsini gətirmişdir. Ədib əsəri ilə dünya ədəbiyyatının ən nadir və möhtəşəm gözəllik qalereyasını yaratmağa nail olmuşdur. Azərbaycanın dahi şairi Nizami Gəncəvi dünya ədəbiyyatında şöhrət tapmış bir sənətkar kimi əsərləri vasitəsilə gələcək nəsillərə hörmət, ləyaqət, savad, müdriklik kimi həmişəyaşar dəyərlər qoyub getmişdir. Nizami Gəncəvi məhz o dahilərdəndir ki,  onun fikirləri, düşüncələri, əvəzolunmaz əsərləri dünya ədəbiyyatını inkişaf etdirə biləcək gücdədir. Onun məktəb yaratmış zəngin və rəngarəng yaradıcılığı dünya ədəbiyyatının inkişafına təkan verən amillərdən hesab edilir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı Yaxın və Orta Şərqdə, Avropada böyük bir nüfuza sahibdir. Nizami Gəncəvinin Fransa, Almaniya, İngiltərə və Rusiya kimi ölkələrdə də tədqiqatçıları əsərlərini tədqiq edib, onun haqqında müxtəlif elmi-kütləvi məqalələr və onun əsərlərindən tərcümələr edərək nəşr etdirmişdirlər. Onlar tarix, fəlsəfə, məntiq, poetika, astronomiya, həndəsə, coğrafiya və digər elmləri mükəmməl şəkildə bilən Nizami Gəncəvinin yaradıcılığına xüsusi maraq göstərirlər. Böyük Azərbaycan şairi Nizami Gəncəvi Azərbycan dili ilə yanaşı, fars, ərəb, pəhləvi dillərini mükəmməl bildiyi üçün bu dillərdə danışmağı və mütaliə etməyi sayəsində dünya ədəbiyyatının nümayəndələrinin əsərlərini orijinallarından dəyərləndirirdi.

Ədəbiyyat:

  1. Ağayev Ə. Nizami və dünya ədəbiyyatı. Bakı, Azər    baycan Dövlət nəşriyyatı, 1964, 172 s.
  2. Gəncəvi, N. Yeddi gözəl /  Ön sözün müəl. və elmi red. X.Yusifli / N.Gəncəvi. – Bakı: Lider nəşriyyat,- 2004.- 336 s.
  3. İsa Həbibbəyli / Nizami Gəncəvidən iqtibas / Ədəbiyyat qəzeti.- 2021.- 5 iyun.- 2 s.
  4. Ramidə Yaqubqızı / Dünya ədəbiyyatının dahi klassiki: Nizami Gəncəvi / Respublika qəzeti. – 2023.- 8 avqust.- 3 s.
  5. Vüqar Əhməd.  Nizami  Gəncəvi  yaradıcılığı  fəlsəf i-irfani kontekstdə. “Elm” qəz.,Bakı, 2021,16 aprel, № 14 (1276), 5 s.
  6. Yusifov, X. Nizaminin lirikası / red. M. Quluzadə / X. Yusifov. – Bakı: Azərbaycan SSR Elmlər Akademiyası, -1968. -273 s.

 

Atakişiyeva Həcər


media-728x90banner

Bənzər xəbərlər