Nizami rayonunda yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilməsi üçün başçı ilə anlaşıblar?
Bakının Nizami rayonunda uzun illərdir qanunsuz və eyni zamanda insanlar üçün böyük təhlükə yaradan tikintilər, eləcə də müxtəlif iaşə obyektlərinin fəaliyyəti davam edir. Rayona son 10 ildə təyin edilən bütün icra başçıları bu təhlükəni aradan qaldırmaq əvəzinə, onun daha da genişlənməsinə şərait yaradıblar.
Söhbət rayonun Qara Qarayev metrostansiyasının bir addımlığında yerləşən Şirin Mirzəyev küçəsindən gedir. Böyük və intensiv hərəkətin olduğu bu küçə boyunca uzanan yaşıllıq zolağının üzərindən yüksək gərginlikli elektrik xətti keçir. Bu isə o deməkdir ki, həmin ərazi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası hesab olunur və burada hər hansı tikinti və ya obyektin inşasına qanunvericiliklə yol verilə bilməz. Gələcəkdə yarana biləcək təhlükələri nəzərə alan məsuliyyətli sahibkar bu ərazidə hər hansı iş görməz.
Bütün bunların fonunda isə artıq Şirin Mirzəyev 151 ünvanında, Nizami telefon qovşağının 5 addımlığında tamamilə yüksək gərginlikli elektrik xəttinin altında çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanıb və işlər sürətlə davam edir.
Məumata görə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov hündürmərtəbəli binanın tikintisini həyata keçirən şəxslərlə “anlaşaraq” məsələyəgöz yumur.
Eyni zamanda, yüksək gərginlikli elektrik xətlərinə nəzarət edən aidiyyəti dövlət qurumlarının da bu vəziyyətə göz yumduğu bəlli məsələdir.
Fövqəladə Hallar Nazirliyinin və yüksək gərginlikli elektrik xətlərinin istismarı və təhlükəsizliyinə cavabdeh qurum olan “Azərenerji” ASC-nin bu tikinti ilə bağlı mövqeyi nədir? Onlar bu tikintiyə necə razılaşıblar: “Azərenerji” ASC-nin sədri Baba Rzayev bu tikintiyə necə icazə verildiyini və yüksək gərginlikli elektrik xəttinin altında aparılan işlərə münasibətini ictimaiyyətə açıqlayacaqmı?










