Nizami Səfərovun plenar iclasda təqdim etdiyi bu qanunlar qəbul olundu
Milli Məclisin 2025-ci ilin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
XALQ.xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Millət vəkili layihənin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu bildirib. O, qeyd edib ki, 2005-ci ildən fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası ölkəmizdə müstəqil məhkəmə sisteminin təşkilində, peşəkar hakim korpusunun formalaşmasında, Azərbaycanda hüquqi islahatların həyata keçirilməsində əhəmiyyətli rol oynayır.
Layihəyə uyğun olaraq, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunun 2-ci maddəsinə “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” yubiley medalı” məzmununda yeni hissə əlavə edilir. Sənəddə, habelə “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamənin və yubiley medalının təsvirinin təsdiq edilməsi ilə bağlı müddəalar əks olunub.
Əsasnaməyə əsasən, “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” yubiley medalı ilə Məhkəmə-Hüquq Şurasının üzvləri və üzvü olmuş şəxslər, öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, Məhkəmə-Hüquq Şurasının aparatında və məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş və məhkəmə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsindən bəhs edib.
Deputat nəzərə çatdırıb ki, layihədə Əmək Məcəlləsində işçinin iş yeri və orta əmək haqqının saxlanıldığı hallar sırasından hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərilməsi müddəasının çıxarılması təklif edilir.
Bildirilib ki, “Dövlət qulluğu haqqında” Qanunda məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasına şikayət vermək imkanı nəzərdə tutulub.
Bununla yanaşı, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda Ədliyyə orqanlarına qulluğa qəbulun şərtləri və qaydalarını və Ədliyyə orqanlarında stajorluq və sınaq keçməni tənzimləyən maddələrindən hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslərin, ədliyyə orqanlarına inzibati vəzifəyə qulluğa müsabiqəsiz qəbul edilməsi, həmçinin stajorluq və sınaq müddətinin müəyyən edilməməsi müddəalarının çıxarılması təklif olunur.
Deputat Hikmət Məmmədov fikir və təkliflərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.