Növbədənkənar parlament seçkiləri niyə keçirilməlidir-Deputat açıqladı
“Növbədənkənar parlament seçkilərinin keçirilməsini təmin edən şərtlər var və bunlar göz qabağındadır. Ölkəmizdə çox əhəmiyyətli və tarixi hadisələr yaşanır. Zaman isə bizdən bu hadisələrə adekvat cavab verməyimizi tələb edir. Bu qərarın verilməsinə səbəb bir sıra mühüm arqumentlərdir. Yeni reallıqlar, yeni çağırışlar, yeni şərtlər, yeni vəziyyət Milli Məclisin yeni heyətini tələb edir. 44 günlük müharibədən sonra ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra bütün sahələrdə aparılan ciddi dəyişikliklər də seçkilərin zamanını tezləşdirməli idi, ölkə parlamenti yeni heyətlə xalqın qarşısına çıxmalıdır. Yeni Azərbaycan Partiyasından olan deputatların növbədənkənar parlament seçkiləri ilə bağlı Prezidentə müraciət etmələrinin səbəbləri də bunlardır”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, 2024-cü ildə ölkəmizdə çox nüfuzlu beynəlxalq tədbirlər baş tutub: “BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda – 2024-cü ilin noyabr ayında Azərbaycan Konstitusiyasının müvafiq maddəsinin II hissəsinə əsasən Milli Məclisə növbəti seçkilər keçirilməlidir. Əlbəttə, əsas qanunumuza görə, parlament seçkiləri keçirilməlidir, amma dünyanın əksər dövlət və hökumət başçılarının iştirak edəcəyi COP29-un da həmin ayda keçiriləcəyini nəzərə almalıyıq. Bu tədbirin yüksək şəkildə təşkili üçün parlament seçkilərinin vaxtını irəli çəkmək ən ideal qərar olar. COP29-un keçirildiyi vaxtda ölkə parlamentinin tam fəaliyyətdə olmasını da nəzərə almaq lazımdır. Ona görə də, hesab edirəm ki, bu gün milli maraqlarımızdan çıxış edərək Milli Məclisi buraxmaq və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etmək məntiqlidir. Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlar da növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət etməklə doğru və yekdil qərar qəbul ediblər. İlk dəfə Azərbaycanın bütün ərazisində keçirilmiş prezident seçkilərindən sonra yeni çağırışlara uyğun olaraq parlament formalaşdırılacaq, ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkillərinin seçilməsi üçün bir fürsət yaranacaq və bu seçkilər regionda demokratik proseslərin inkişafına və əhalinin siyasi iştirakçılığının artırılmasına töhfə verəcək”.










