Azərbaycan artıq özü donor ölkədir USAID  kimi təşkilatlar təxribatçı və ikili standartlara əsaslanan riyakar fəaliyyətinə Azərbaycanda ehtiyac yoxdur.

Bunu  açıqlamasında  Milli Məclisin deputatı Zaur Şükürov bildirib.

“ABŞ-nin yeni hökuməti bu ölkənin Beynəlxalq İnkişaf Agentliyi – USAID-in fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edib. Hökumətin fəaliyyətinin səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask USAID-in fəaliyyətini sərt tənqid edərək təşkilatın ləğv edilməsi prosesinə start verildiyini bildirib. Agentliyə müvəqqəti rəhbərlik ABŞ dövlət katibi Marko Rubioya həvalə edilib.

Ağ Evin mətbuat katibi Karolina Livit mətbuata açıqlamasında onilliklər boyu USAID-in lüzumsuz istiqamətlərə xərclədiyi vəsaitlərin siyahısını təqdim edərək hətta Əfqanıstanda narkotik bitkilərin becərilməsinə maddi dəstək göstərilməsinin, Suriyada terrorçu təşkilatlarla əlaqələri olmuş şübhəli QHT-lərin maliyyələşdirilməsinə yönəlmiş fəaliyyətlərin aşkar edildiyini bildirib”.

Beləliklə, uzun müddət beynəlxalq yardım pərdəsi altında gizlənmiş, qlobal miqyasda dağıdıcı “inqilabları”, radikal ünsürləri, narkotik istehsalını və terrorçuluğu dolayısı ilə dəstəkləmiş bir təşkilatın fəaliyyəti məhz təmsil etdiyi ölkənin administrasiyası tərəfindən dayandırıldı”.

Zaur Şükürov xatırladıb ki, USAID-in və təşkilatın rəhbəri Samanta Pauerin ölkəmizə qarşı davamlı olaraq təxribatçı və ikili standartlara əsaslanan riyakar fəaliyyəti hər kəsə məlumdur:

“ABŞ-nin Bayden Administrasiyası dönəmində keçən il bu təşkilat vasitəsi ilə Ermənistana yardımların artırılaraq 250 milyon dollara çatdırılması və məhz bu maliyyələşmənin nəticəsində Ermənistanın büdcəsində yaranacaq sərbəst maliyyə vəsaitinin hərbi məqsədlərə yönəldiləcəyi ilə bağlı narahatlığımız ifadə olunub. Bununla yanaşı, Samanta Pauerin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın təsisçisi olduğu, “humanitar fəaliyyət” çətiri ilə pərdələnmiş, əslində terrorçuluğu və separatizmi dəstəkləyən “Avrora” fondu ilə əlaqələrinin olduğu müəyyən edilib”.

“Qeyd olunanlar onu deməyə əsas verir ki, haqq və ədalətin tərəfdarı olan, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsiplərini rəhbər tutan ölkəmizə qarşı qərəzli və təxribatçı addımlar atan USAID və bu kimi digər təsisatların, o cümlədən bu təşkilatlara dəstək verən qüvvələrin bütün riyakar əməlləri ifşa olunacaq”, – deyə deputat qeyd edib.


media-728x90banner

Bənzər xəbərlər