Ordumuza ayrılan vəsait artırılır – Azərbaycanın yeni hərbi planları
2027-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 816,4 milyon manat nəzərdə tutulub. Bu, ümumi büdcə xərclərinin 20,8 faizini təşkil edir və 2026-cı illə müqayisədə 98,6 milyon manat, yaxud təxminən 1,1 faiz çoxdur.
Məsələ ilə bağlı danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, bu artımı müdafiə xərclərində kəskin sıçrayışdan daha çox, yüksək səviyyənin qorunması kimi qiymətləndirmək lazımdır.
Onun sözlərinə görə, yeni hərbi büdcə bir çox sahələrə xərclənəcək:
“Bu gün dünyada güc beynəlxalq hüquqdan daha üstün mövqedədir. Bizdən çox uzaq olmayan ərazilərdə müharibələr gedir. Ermənistanla yekun sülh sazişi hələ imzalanmayıb. Buna baxmayaraq, sülhün bərqərar olması üçün çox ciddi addımlar atılır. Azərbaycan Prezidentinin apardığı əsas siyasət ərazi bütövlüyünün, suverenliyin qorunması və hər bir azərbaycanlının rifahının təmin edilməsidir. Büdcə sistemi də buna uyğun formalaşır. 2027-ci il üçün rəqəmlərə baxdıqda, ilk növbədə müdafiə xərclərinin kəskin sıçrayışı deyil, yüksək səviyyədə saxlanılması kimi qiymətləndirmək daha düzgün olar. Müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 816,4 milyon manatdır. 2026-cı illə müqayisədə bu rəqəm təxminən 1,1 faiz çoxdur. 98,6 milyon manatlıq artımın konkret olaraq hansı silah sistemlərinə yönəldiyi açıqlanmayıb. Ona görə də artımın əsas səbəbinin yeni silahların alınması olduğunu demək düzgün olmaz”.
Arzu Nağıyev qeyd edib ki, hərbi modernləşmə prosesi davam etdirilir və Azərbaycanın silahlanma istiqamətlərində də dəyişikliklər müşahidə olunur:
“Azərbaycan son illərdə Rusiya və Sovet mənşəli platformalardan daha çox Türkiyə, İsrail, Pakistan, eyni zamanda öz hərbi sənaye kompleksimizin istehsal etdiyi sistemlərə keçidi sürətləndirir. Aviasiyanın yenilənməsi təbii ki, böyük xərc tələb edən istiqamətdir. Məlumdur ki, Pakistanla qırıcı təyyarələrin alınması ilə bağlı müqavilələr artıq imzalanıb. Bu proqram üzrə ödənişlər, silah-sursat və texniki təminat xərcləri bir neçə büdcə ilinə yayıla bilər. Bundan başqa, bir sıra Avropa ölkələri ilə bu istiqamətdə danışıqlar aparılır və müqavilələr imzalanır. Pilotsuz sistemlər, uzaqmənzilli zərbə vasitələri, hava hücumundan müdafiə imkanlarının genişləndirilməsi də əsas istiqamətlərdəndir. Bunlar Azərbaycanın son illərdə həyata keçirdiyi hərbi-texniki siyasətin əsas elementləridir”.
Komitə sədri vurğulayıb ki, müdafiə üçün nəzərdə tutulan 8,8 milyard manatın hamısı yeni silahların alınmasına sərf edilmir:
“Bu məbləğə hərbi infrastrukturun yenilənməsi, şəxsi heyətin təminatı, təlimlər, rabitə, daşınma, logistika və təhlükəsizliklə bağlı xərclər də daxildir. 2027-ci il üzrə inflyasiya proqnozu da açıqlanıb. Bunu nəzərə aldıqda, 1,1 faizlik nominal artım real ifadədə əvvəlki illə müqayisədə ciddi artım demək deyil. İnflyasiyanı nəzərə aldıqda real dəyişiklik də göz qabağındadır”.
Arzu Nağıyev əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi müdafiə siyasəti hər hansı ölkəyə qarşı ərazi iddiası ilə bağlı deyil:
“Azərbaycan birmənalı olaraq sülhün bərqərar olmasını və onun qorunub saxlanılmasını istəyir. Yeni silahlar almaqda məqsəd kiməsə hücum etmək deyil. Heç kəsin ərazisinə göz dikməmişik, kiminsə torpağını almaq niyyətimiz yoxdur”.










