Avrasiya məkanında geosiyasi və geoiqtisadi reallıqların sürətlə dəyişdiyi müasir dövrdə Orta Dəhliz qlobal ticarət və nəqliyyat sisteminin əsas strateji marşrutlarından birinə çevrilib. Asiya ilə Avropa arasında daha qısa, təhlükəsiz və dayanıqlı logistika əlaqələrinin təmin edilməsində mühüm rol oynayan bu dəhliz beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə və regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Deputat qeyd edib ki, son illərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, ənənəvi ticarət marşrutlarında yaranan risklər və qlobal təchizat zəncirlərində müşahidə olunan problemlər Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırıb.

Onun sözlərinə görə, bu gün Avropa ölkələri enerji və ticarət təhlükəsizliyinin təmin olunması, idxal və ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində etibarlı tərəfdaşlara və alternativ nəqliyyat dəhlizlərinə xüsusi önəm verir. Məhz bu baxımdan Orta Dəhliz Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin inkişafında əsas körpülərdən biri kimi çıxış edir: “Azərbaycanın son illərdə həyata keçirdiyi məqsədyönlü nəqliyyat və logistika siyasəti ölkəmizi Orta Dəhlizin əsas iştirakçılarından birinə çevirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, müasir avtomobil magistralları, logistika mərkəzləri və rəqəmsal gömrük sistemləri tranzit daşımalarının sürətini və səmərəliliyini artıraraq Azərbaycanın beynəlxalq yükdaşımalarda rolunu əhəmiyyətli dərəcədə gücləndirib. Orta Dəhliz yalnız iqtisadi layihə deyil, həm də regional təhlükəsizliyin təmin olunmasına xidmət edən mühüm əməkdaşlıq platformasıdır. Dövlətlər arasında iqtisadi inteqrasiyanın dərinləşməsi, qarşılıqlı asılılığın artması və birgə infrastruktur layihələrinin həyata keçirilməsi regionda uzunmüddətli sabitliyin möhkəmlənməsinə xidmət edir. İqtisadi əməkdaşlığın genişlənməsi siyasi dialoqu da gücləndirir və qarşılıqlı etimadın formalaşmasına şərait yaradır”.

Komitə sədri bildirib ki, Azərbaycan uzun illərdir həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, beynəlxalq hüquqa əsaslanan mövqeyi və etibarlı tərəfdaş imici sayəsində regionun əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmiz beynəlxalq layihələrdə fəal iştirak etməklə yanaşı, region dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə də mühüm töhfələr verir. Bu isə Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirir.

Arzu Nağıyev qeyd edib ki, qlobal iqtisadiyyatın davamlı inkişafı təhlükəsiz və fasiləsiz nəqliyyat əlaqələrinin mövcudluğundan birbaşa asılıdır. Bu baxımdan Orta Dəhliz beynəlxalq yükdaşımaların təhlükəsiz həyata keçirilməsi, logistika risklərinin azaldılması və ticarət axınının davamlılığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Marşrut boyunca yaradılan müasir infrastruktur, rəqəmsal idarəetmə sistemləri və ölkələr arasında koordinasiyanın gücləndirilməsi daşımaların daha çevik və səmərəli təşkilinə imkan yaradır.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi münasibətlərin genişlənməsi Orta Dəhlizin perspektivlərini daha da artırır. Avropa bazarlarının alternativ enerji və yükdaşımalarına artan tələbatı bu marşrutun əhəmiyyətini yüksəldir. Azərbaycan isə coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və sabit siyasi mühiti sayəsində bu prosesdə aparıcı rol oynayır.

“Orta Dəhlizin inkişafı ölkəmizin tranzit potensialının artmasına, qeyri-neft sektorunun genişlənməsinə, yeni investisiyaların cəlb olunmasına və minlərlə yeni iş yerinin yaradılmasına da mühüm töhfə verir. Eyni zamanda, bu layihə Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin daha da genişlənməsinə, regionun logistika xəritəsində mövqeyinin möhkəmlənməsinə və uzunmüddətli iqtisadi dayanıqlığının təmin olunmasına xidmət edir”,-deyə deputat əlavə edib.

Arzu Nağıyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji nəqliyyat və logistika siyasəti nəticəsində Azərbaycan Orta Dəhlizin əsas dayaqlarından birinə çevrilib. Qarşıdakı illərdə də bu istiqamətdə həyata keçiriləcək layihələr ölkəmizin qlobal ticarətdə rolunu daha da artıracaq, Avropa ilə Asiya arasında etibarlı əlaqələrin möhkəmlənməsinə, regional təhlükəsizliyin təmin olunmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verəcək.


media-728x90banner

Bənzər xəbərlər