Azərbaycan regionun və dünyanın ən güvənli ölkələrindən birinə necə çevrildi…

 Deputat Aydın Hüseynov bildirdi ki, Azərbaycanın dünyada sabitliyin hökm sürdüyü, müstəqil siyasət yürüdən azsaylı ölkələrdən birinə çevrilməsi məhz Ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin  uğurlu siyasəti nəticəsində nail olunub: “İlham Əliyevin ilk dəfə prezident seçildiyi 2003-cü ildən ölkəmizdə keyfiyyətcə yeni inkişaf mərhələsi başlanıb. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 21 il sistemli inkişaf dövrü olub. O, ölkəmizi sürətlə inkişaf etdirərək, bölgənin lideri və söz sahibi, dünya birliyində isə öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi. Müasir Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyevin siyasi varisi olan Prezident İlham Əliyev uzaqgörən və müdrik iqtisadi siyasət həyata keçirməklə ötən 21 il ərzində Azərbaycanda misli görünməmiş quruculuq işləri aparıb və xüsusilə sosial-iqtisadi sahələrdə möhtəşəm uğurlara imza atıb. Sözsüz ki, bu nailiyyətlərin hər birinin təməlində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik irsi və unikal inkişaf modeli dayanır. Xalqın gələcəyini düşünən əbədiyaşar lider zamanı qabaqlayaraq ölkəyə rəhbərliyinin bütün dövrlərində respublikamızın davamlı inkişafını və müstəqilliyimizin möhkəmləndirilməsini təmin etmək istiqamətində böyük işlər görmüş, Azərbaycanın strateji maraqlarının qorunması üçün zəruri və qəti addımlar atmışdır. Prezident İlham Əliyevin yetkin siyasətçi kimi formalaşmasında birbaşa Heydər Əliyev faktorunun əvəzolunmaz rolu var. Eyni zamanda özünün unikal siyasi dühası, zəngin elmi fəaliyyəti, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda tədqiqatçı-alim kimi püxtələşməsi və diplomatiya, beynəlxalq münasibətlər sahəsində peşəkar kadr kimi özünü təsdiq etməsi onun siyasi istedadının formalaşmasında mühüm rol oynamışdır. Cənab İlham Əliyev gənc yaşlarından dövlətin iqtisadi-siyasi ənənələrinin və inkişaf modelinin yaranmasında yaxından iştirak etmiş, həmin illərdə ölkəmizin iqtisadi həyatında xüsusilə vacib bir faktora çevrilmiş enerji diplomatiyasının uğurlarında misilsiz xidmətlər göstərmişdir.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev deputat olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərib, qanunvericilik sahəsində yaxından iştirak edərək ali qanunvericilik orqanının fəaliyyətinə yenilikçi siyasətçi kimi sanballı töhfələr verib.

Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti və qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Qarabağ və ətraf rayonların işğalı barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş və həlli yolunda mühüm addımlar atılmışdır.

Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsindən sonra əsas hədəfi güclü Azərbaycan qurmaq və dövlətin iqtisadi qüdrətini artırmaqla, bir nömrəli problemi – Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi məsələsini həll etmək olmuşdur. Beynəlxalq siyasi və iqtisadi münasibətlər sistemində Azərbaycanın etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi qüdrətini artırmaq Prezident İlham Əliyevin qarşısında dayanan əsas məsələlərdən biri idi. Ümumilikdə, bütün bu faktorların gerçək həllini tapmasında başlıca vəzifə güclü iqtisadiyyatın formalaşdırılması idi. Güclü iqtisadiyyata malik, xalqına arxalanan iradəli lideri olan ölkə təbii ki, müstəqil siyasət aparmaq gücünə sahiblənməli və sabitlik adası olmalı idi. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyə stimul rolunu oynadı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu daha da artdı, müxtəlif ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr möhkəmləndi, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi daim diqqətdə saxlanıldı. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi baza formalaşdı, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu arasında yer aldı. Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə Ermənistanın 30 illik işğalına son qoydu. 2023-cü ildə şanlı ordumuzun keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərqərar oldu”.

Deputat vurğuladı ki, Prezident İlham Əliyevin siyasətinin əsas qayəsini daim xalqa arxalanmaq, xalqın, dövlətin maraqlarını hər şeydən üstün tutmaq, xalq-iqtidar birliyi, qətiyyətli və müstəqil siyasət yürütmək təşkil edib. Azərbaycanın sabit və regionun lider dövləti statusuna malik müstəqil siyasət yürüdən ölkə səviyyəsinə yüksəlməsində bu siyasət öz sözünü deyib.


media-728x90banner

Bənzər xəbərlər