Prezidentin Mətbuat katibi təyin olunan Orxan Səttarov bu şəxsin qardaşıdır
Xəbər verdiyimiz kimi, Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib.
XALQ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Orxan Səttarov Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səətraovun qardaşıdır.
Orxan Səttarov Azərbaycanın media və ictimaiyyətlə əlaqələr sahəsində tanınmış simalarından biridir.
Onun peşəkar karyerasının mühüm hissəsi “Vestnik Kavkaza” (Qafqazın xəbərçisi) informasiya-analitik agentliyi ilə bağlıdır. O, bu qurumun Azərbaycan bürosunun rəhbəri kimi fəaliyyət göstərərək, ölkənin daxili və xarici siyasəti, iqtisadi inkişafı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı məqalə və təhlillərin müəllifi olub.
O. Səttarovun yazıları və şərhləri tez-tez həm yerli, həm də xarici nüfuzlu media resurslarında yayımlanır və o, ekspert kimi siyasi gündəmi mütəmadi olaraq şərh edir.
Jurnalistika fəaliyyəti ilə yanaşı, Orxan Səttarov həm də dövlət sektorunda və strateji kommunikasiya sahəsində təcrübəyə malikdir. O, bir müddət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan müvafiq qurumlarda ictimaiyyətlə əlaqələr və mətbuat xidməti istiqamətində məsul vəzifələrdə çalışıb. Bu dövrdə onun fəaliyyəti dövlətin iqtisadi islahatlarının mediada düzgün təqdim olunması və ictimaiyyətin məlumatlandırılması işini əhatə edib.
Orxan Səttarov təyinadək Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri olub.












