Geridə qoyduğumuz gün Rusiya Federasiya Prezidentinin Bakı şəhərinə olan rəsmi səfəri sona çatdı. Bir gün davam edən səfər zamanı bir sıra məsələlər üzrə ciddi müzakirələr keçirildi və razılaşmalar əldə olundu. Səfər başlamazdan əvvəl Azərbaycanın BRİCS perpektivindəki istəyi aydın idi. Rusiya Federasiyası prezidentinin Azərbaycan Respublikasının prezidentini Kazanda keçiriləcək BRİCS sammitinə dəvət etməsi və bugün Azərbaycan XİN-nin BRİCS-ə qoşulmaq üçün rəsmi müraciət olunmasını ictimaiyyətə bildirməsi bu mövzuda müəyyən razılaşmaların əldə olunduğunu göstərir.

Xüsusi diqqət edəcəyimiz məqamlardan bir digəri isə Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlıdır. R.F. Prezidenti V.Putinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı təklifi kifayət qədər müzakirə olunur. Məsələni “SSRİ yenidən qurulur” kimi bir aspektdən dəyərləndirənlər 2020-ci ildə Rusiya Sülhməramlı Kontingentinin ölkəyə girişini “Qızıl Ordu qayıtdı” adı ilə qələmə versələr də, niyəsə 2024-cü ildə mandat müddətinin bitməyindən öncə kontingentin Azərbaycanı tərk etməsinə şərhsiz oldular.

Postmünaqişə dövründə Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası işinin nəzəri əsasını 2021-ci ildə məhz Rusiyanın vasitəçiliyi ilə imzalanmış Moskva və Soçi üçtərəfli bəyanatları təşkil edir. Moskva bəyanatı Azərbaycan və Ermənistanın 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatının 9-cu bəndi üzrə işləri sürətləndirməyi, Soçi bəyanatı isə sərhədlərin delimitasiya və demarkasiyası üçün ikirətərəfli işçi qrupunun yaradılmasını şərtləndirirdi. Soçi bəyanatına əsasən yaradılması nəzərdə tutulan sərhədlərin müəyyənləşməsi ilə bağlı işçi qrup üçtərəfli yox, ikitərəflidir. Yəni Rusiyanın tərəflər arasında razılıq əldə olunmasında vasitəçi olmasına baxmayaraq, Rusiya tərəf olaraq işin təşkili prosesində birbaşa şəkildə iştirak etmir.

Düzdür, Brüssel formatlı danışıqlar sonrası sərhəd komissiyaları işə başlasa da, bu fakt sadəcə Ermənistanın vasitəçilik missiyasındakı qərbmeyilliliyini nümayiş etdirir. Belə məqamda Azərbaycan Respublikasının xarici siyasətində regional aspektdə üzrə iki prinsip ciddi şəkildə özünü büruzə verir:

-Ermənistan və Azərbaycan arasında münasibətlərdə diplomatik təmaslar və razılaşmaların əldə olunması üçün vasitəçilər lazım deyil. İki ölkə birbaşa təmaslarla bunu edə bilər.

Azərbaycan Respublikasının COP-a ev sahibliyinə namizədlliyi zamanı Ermənistan Baş naziri administrasiyası ilə birbaşa danışıqlar nəticəsində Ermənistan öz namizədliyini Azərbaycanın lehinə geri çəkdi. Münhen və Qazaxıstanda baş tutan diplomatik təmaslar da vasitəçilərin iştirakı olmadan baş tutdu. Sərhəd komissiyaları vasitəçilər olmadan görüşlər keçirdi və sərhədlərin delimitasiyasına başlanıldı. Bu faktlar Azərbaycanın regional məsələlərdəki ilk prinsipinin kifayət qədər uğurlu nəticələr verdiyini göstərir.

-Digər prinsip isə regiona ölkələri arasında məsələlərin həlli və münasibətlərin tənzimlənməsi zamanı regiondan kənar dövlətlər yox məhz region dövlətləri iştirak etməlidir.

Son dövrlərdə Fransanın regiona müdaxilə etmək istəyi, ABŞ-ın Ermənistanla hərbi məsələdə fəal işbirliyi etməsi aydın şəkildə göstərir ki, ikinci prinsip də heç də əbəs yerə deyil. Xüsusilə, Fransanın anti-Azərbaycan mövqeyi açıq şəkildə sübut edirki, regionda Qərbin artan maraqlarının təminatı regionun gələcəyi üçün heç də müsbət deyil. Brüssel formatlı danışıqların da öz effektivliyini itirməsi məhz Fransanın tərəf olaraq masada “əyləşmək” istəməsindən sonra başladı. Bir sözlə, hazırda regionda uzunmüddətli sülh və sabitliyi təmin edən Qərb yox elə region dövlətləri olmalıdır.

Belə məqamda Azərbaycan-Rusiyanın ikinci prinsip üzrə də maraqları tam uzlaşır. Təbii ki, Rusiya da regiona Qərbin artan müdaxiləsinə qarşıdır. Ümumiyyətlə Rusiya ilə münasibətlər çox dəqiq diplomatiya tələb edir. Bir növü Rusiya “yanan ocaq” kimidir. İstiliyindən kifayət qədər faydalanmaq mümkün olsa da, ani bir səhv ciddi zərər verə bilər. Son razılaşmalar və yaxın dövrün ümumi təhlili göstərir ki, Azərbaycan Respublikası diplomatiyada balansı – “qızıl orta”nı daima qoruya bilir. Bu da təbii ki, respublikanın xarici siyasətinin dəyişilməz prinsipidir.

 

Uzeyir Mustafayev

Siyasi şərhçi


media-728x90banner

Bənzər xəbərlər