media-arzuu

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, məşğulluq imkanlarının da genişlənməsinə şərait yaradır. Ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun qurulması, istehsal və xidmət sahələrinin yaradılması əmək bazarında tələbatın artmasına səbəb olur.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, qarşıdakı dövrdə azad edilmiş ərazilərdə iqtisadi fəallığın daha da artması məşğulluğun sürətlə yüksəlməsinə imkan verəcək. Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr geniş spektri əhatə edir. Buraya nəqliyyat və logistika infrastrukturunun inkişafı, sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının müasir əsaslarla qurulması, turizm potensialından istifadə, xidmət sektorunun genişləndirilməsi və sahibkarlıq fəaliyyətinin təşviqi daxildir.

“Yeni müəssisələrin fəaliyyətə başlaması və investisiya layihələrinin reallaşdırılması nəticəsində müxtəlif peşə və ixtisaslar üzrə kadrlara ehtiyac artacaq. Bu isə yerli əmək ehtiyatlarının iqtisadi proseslərə daha fəal cəlb olunmasına və yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Məşğulluğun artırılması baxımından Böyük Qayıdış Proqramının həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıtması ilə regionlarda daimi əmək resurslarının formalaşması, kiçik və orta sahibkarlığın inkişafı, ticarət və xidmət obyektlərinin fəaliyyətinin genişlənməsi üçün yeni imkanlar yaranır. Regionların iqtisadi potensialının tam reallaşdırılması üçün yalnız yeni iş yerlərinin yaradılması deyil, həm də peşə hazırlığının və insan kapitalının inkişaf etdirilməsi vacibdir. Müasir iqtisadiyyatın tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması azad edilmiş ərazilərdə həyata keçirilən investisiya layihələrinin səmərəliliyini də artıracaq. Xüsusilə kənd təsərrüfatı, turizm, tikinti, logistika, sənaye, xidmət və rəqəmsal texnologiyalar kimi sahələrdə yeni məşğulluq imkanlarının formalaşması gözlənilir. Bununla yanaşı, regionlarda sahibkarlıq mühitinin genişləndirilməsi yeni biznes təşəbbüslərinin yaranmasına və özünüməşğulluq imkanlarının artmasına təkan verə bilər”, – deyə deputat əlavə edib.

Arzu Nağıyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafı ölkənin ümumi iqtisadi artımına da mühüm töhfə verəcək. Regionların nəqliyyat-logistika imkanlarının genişlənməsi, yeni iqtisadi əlaqələrin qurulması və investisiya mühitinin inkişaf etdirilməsi burada fəaliyyət göstərən müəssisələrin bazarlara çıxış imkanlarını artıracaq.

Deputatın sözlərinə görə, bütün bu proseslər nəticə etibarilə əhalinin məşğulluğunun təmin olunmasına, gəlir imkanlarının genişlənməsinə və sosial rifahın yüksəlməsinə xidmət edəcək. Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq mərhələsindən iqtisadi inkişaf və dayanıqlı məşğulluq mərhələsinə keçid regionların gələcək inkişafının əsas istiqamətlərindən biri olacaq.⁰


media-728x90banner

Bənzər xəbərlər