media-arzu

Cənubi Qafqazda hərbi-siyasi reallıqların dəyişməsi regionda təhlükəsizlik məsələlərinə yanaşmanı da yeni müstəviyə daşıyıb. Qarabağ Zəfərindən sonra Azərbaycanın regional mövqeyinin möhkəmlənməsi Türk dövlətləri arasında əməkdaşlığın təhlükəsizlik istiqamətində də daha geniş müzakirə olunmasına şərait yaradıb.

Azərbaycan, Türkiyə və Özbəkistanın “Birliyin Gücü–2026” hərbi təlimində iştirakı bu baxımdan diqqət çəkən hadisələrdəndir. Təlimin Qarabağ, Naxçıvan və Xəzər kimi müxtəlif strateji məkanları əhatə etməsi isə məsələyə yalnız hərbi hazırlıq çərçivəsində deyil, daha geniş regional təhlükəsizlik prizmasından baxmağı zəruri edir.

Bəs üç ölkənin hərbi imkanlarının eyni təlimdə bir araya gəlməsi Türk dövlətləri arasında təhlükəsizlik əməkdaşlığının gələcək istiqaməti və regionun təhlükəsizlik sistemi baxımından nə ifadə edir?

Xalq.online xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev açıqlama verib.

Millət vəkili qeyd edib ki, “Birliyin Gücü – 2026” praktik xarakter daşıyan bir addımdır. Yəni söhbət türk dövlətləri arasında hərbi-siyasi ittifaqın yaradılmasından deyil, qarşılıqlı fəaliyyətdən və əməliyyat uyğunluğunun mərhələli şəkildə artırılmasından gedir:

“Azərbaycanın Qarabağdan Naxçıvana, oradan Xəzərə qədər uzanan coğrafiyası, Türkiyənin NATO təcrübəsi və Özbəkistanın Mərkəzi Asiyadakı çəkisi bütün bunlar vəhdət şəklində gələcəkdə türk dünyasının nəqliyyat və kommunikasiya təhlükəsizliyi üçün daha sistemli mexanizmlərin formalaşmasına xidmət edə bilər.

Bu istiqamətdə əsas məsələ əməkdaşlığın müdafiə xarakterli, beynəlxalq hüquqa uyğun və konkret təhlükəsizlik ehtiyaclarına əsaslanan formada inkişaf etdirilməsidir.

Bir neçə aspektdən yanaşsaq, təlim Xəzərdə Böyük Zirə təlim rayonunda, Naxçıvanda, Qarabağda keçirilir və dəniz vasitələri, PUA-lar bütün bu proseslərdə iştirak edir. Əsas məsələ odur ki, coğrafiyanın özü mühüm mesajdır. Qarabağ Azərbaycan suverenliyinin bərpasından sonra yeni təhlükəsizlik anlayışının formalaşmasıdır. Naxçıvan Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında strateji mövqeyə malik ərazidir. Xəzər dənizi enerji, nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyi baxımından çox ciddi əhəmiyyətə malik olan bir arealdır”.

Komitə sədri onu da vurğulayıb ki, eyni təlim çərçivəsində bu üç istiqamətin seçilməsi, düşünürəm ki, müxtəlif təhlükəsizlik ssenarilərinə uyğunlaşır:

“Burada Türkiyənin rolu xüsusi diqqət çəkir. Türkiyə NATO-nun üzvüdür. NATO çərçivəsində uzunmüddətli hərbi təcrübəsi var. Azərbaycan Özbəkistanla hərbi təlimlərin praktik məzmununa ciddi təsir göstərən bir dövlətdir. Azərbaycan, Özbəkistan və Türkiyə ilə 2026-cı ildə hərbi əməkdaşlıq planında birgə təlimlər nəzərdə tutulub. Özbəkistan tərəfi Türkiyənin hərbi təlim və müdafiə sənayesi təcrübəsindən öz silahlı qüvvələrinin modelləşdirilməsində, təbii ki, istifadə edəcək.

Bir ciddi məsələ də Mərkəzi Asiya dövlətləri ilə genişlənən əməkdaşlıqdır. Azərbaycan-Özbəkistan hərbi əlaqələri də artıq sistemli xarakter alır. Sentyabr ayında iki ölkənin müdafiə qurumları 2027-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planını müzakirə ediblər. Digər məsələ, təbii ki, siyasi məsələlərlə paralel olaraq iqtisadi məsələdir. Yəni Orta Dəhliz. Türkiyə-Azərbaycan-Özbəkistan əməkdaşlığı artıq yalnız hərbi sahə ilə məhdudlaşmır”.

Deputat əlavə edib ki, üç ölkənin 2005-ci ildə Ankara Bəyannaməsi var. Orta Dəhlizin əhəmiyyəti, nəqliyyat, logistika, daşınmalar və bu məsələlər xüsusi qeyd olunub:

“2025-2026-cı illər üçün fəaliyyət planında üç ölkənin dəmir yolu administrasiyaları arasında da əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Bu baxımdan gələcəkdə təhlükəsizlik anlayışının yalnız sərhəd və hərbi obyektlərlə məhdudlaşmayacağı, ümumi proseslərdə məhz birgə fəaliyyətin nəzərdə tutulduğu görünür.

Türk dünyası formatına keçmək potensialı var. Bu daha geniş formatdır. Hazırda üçtərəfli mexanizm gələcəkdə istər Qırğızıstanla, istər Qazaxıstanla, istərsə də digər dövlətlərlə birlikdə genişlənə bilər.

 

Birgə təlimlər, qərargah əməkdaşlığı, hərbi təhsil, xüsusi təyinatlı qüvvələrin hazırlığı, pilotsuz uçuş aparatlarının texnologiyaları, hətta deyərdim ki, xüsusi xidmət orqanlarının koordinasiyalı şəkildə məlumat mübadiləsi bunlar çox mühüm məsələlərdir.Türk Dövlətləri Təşkilatı üçün bu təhlükəsizlik məsələsi ən mühüm amillərdən biridir”.


media-728x90banner

Bənzər xəbərlər