Azərbaycanda növbəti dəfə azad, şəffaf və demokratik seçkilər keçiriləcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 94 saylı Ucar seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin 22 avqust 2024-cü il tarixində Ucar rayonunun Pirkənd kənd klubunda Pirkənd və Küçəkənd kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi mübarizələrlə zəngin bir yol keçib. Partiya yarandıqdan cəmi 7 ay sonra iqtidar partiyasına çevrildi və ətrafına ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan, Azərbaycanın ümumi inkişafına böyük töhfələr verən mütəşəkkil bir qüvvə topladı. Bu gün 730 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasını xalqın partiyasına çevirən və qələbələr partiyası kimi tanıdan, partiyanın tutduğu yola sadiqliyi, hər addımında dövlətin maraqlarını üstün tutmasıdır. O, deputatlığa namizəd Ramil Həsən haqqında seçicilərə məlumat verib.
Çıxış edən YAP-ın 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Ramil Həsən, əvvəlcə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı altında uğurla davam edən YAP-ın təbliğat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, bu gün Azərbaycan dünyada sabitlik məkanı kimi qəbul olunur. Təbii ki, belə bir cəmiyyətdə yalnız inkişafdan söhbət gedə bilər. Dövlət başçısı cənab İlham Əliyevin öndərliyi, hörmətli I vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli dəstəyi ilə həyata keçirilən inkişaf təkcə sosial-iqtisadi sahələrlə məhdudlaşmır, bütün sahələri əhatə edir. Xüsusilə, ölkəmiz demokratiya yolunda inamla irəliləyir, siyasi plüralizm və söz azadlığı mövcuddur. Eləcə də, Azərbaycanda demokratik təsisatlar bərqərar edilib, vətəndaş cəmiyyəti inkişaf etmiş bir səviyyədədir. Şübhəsiz ki, belə bir cəmiyyətdə azad, şəffaf və demokratik seçkilər üçün bütün imkanlar mövcuddur. Eyni zamanda, o da qeyd edib ki, partiyamızın sədri, möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük inkişaf yolu keçib. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə və ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. Bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur. Xalqımızın qarşıdan gələn seçkilərdə də YAP-ın namizədlərinə etimad göstərəcəyi şübhəsizdir.
Tədbirdə təbliğat-təşviqat qrupunun üzvləri Nurməmməd Tağıyev, şəhid atası Əli Vəliyev, və Nurlan Abbasov çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının təbliğ etdiyi ideyalar və bəyan etdiyi prinsiplər xalq tərəfindən həmişə dəstəklənib. Ölkəmizin uğurlu inkişafı və tərəqqisi bir daha göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.
Həmçinin, Pirkənd və Küçəkənd kənd sakinlərinin problemləri dinlənilib və qanunauyğun şəkildə müvafiq köməklik göstərilməsi üçün fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd rayonun Pirkənd kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Səfərov Vüqar Sadıq oğlu və Qurbanov Qalib Qüdrət oğlunun ailələrini ziyarət edib.
Yeni dövrə Yeni Azərbaycanla!
 

media-728x90banner

Bənzər xəbərlər