“Bələdiyyələrə kökündən yeni bir yanaşma lazımdır və ilk addım kimi onların birləşdirilməsi müsbət addım oldu. Amma, mövcud fəaliyyətləri, subvensiyaları, yardımları və ənənəvi təlimləri nə qədər artırsaq da, ciddi nəticələr əldə etmək çətin olacaq. Buna görə də, konkret əməl, konkret fəaliyyət və konkret yanaşmalar önəmlidir.”

Bu fikirləri   Milli Məclisin deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında çıxısı zamanı səsləndirdi.

O, qeyd etdi ki, indi deyəcəyim təklifi büdcə müzakirələri zamanı komitə iclaslarında qaldırmışdım. O zaman maliyyə naziri olan hörmətli Samir müəllim təklifimi əsaslı hesab edib, aidiyyəti üzrə müzakirə olunacağını bildirmişdi:
“Təklifim, bələdiyyələrlə biznes strukturlarının, sahibkarların işgüzar münasibətlərinin qurulması və verilən subvensiyaların da konkret davamlı müştərək layihələrə yönəldilməsi idi. Bu yanaşma ilə bələdiyyə özü vəsait qazanaraq yerli inkişafa töhfə verə bilər.
Bələdiyyələr və biznes strukturları arasında əlaqələrin yaradılması vacibdir. Hər bir bələdiyyə öz ərazisində mövcud resursları araşdıraraq, onları biznes layihələrinə çevirmək üçün lazım olan tədqiqatları aparmalıdır. Bunun üçün hər bir bələdiyyəyə subvensiyanın ayrılmasının və bu layihənin inkişaf təşkilatları, nazirliklər və digər dövlət qurumları ilə birgə üç ay ərzində həyata keçirilməsini təklif edirəm. Nəticədə, hər bələdiyyə ərazisində gəlirli sahələr müəyyən ediləcək və konkret layihələr hazırlanacaq.”
Deputat çıxışı zamanı bildirdi ki, növbəti mərhələdə bələdiyyələrlə iş adamları arasında görüşlərin təşkil olunması konkret layihələrin həyata keçirilməsi ilə nəticələnəcək:
“Bələdiyyələr pulsuz torpaq ayıra və digər resurslarını təqdim edə bilərlər. Dövlət isə hər bələdiyyəyə müştərək işlənəcək layihəyə subvensiya şəklində maliyyə ayırsın. Onsuz da subvensiyalar ayrılır, onlar davamlı layihələrə yatırılmalıdır. Bu iş birliyi ilə bələdiyyə və sahibkarlar xərcləri paylaşaraq biznes qurmaq imkanı əldə edəcəklər.
Sahibkar daha sərfəli şərtlərlə biznes quracaq, bələdiyyə isə çatışmayan biznes bacarıqlarını sahibkarlıq subyekti ilə kompensasiya edəcək. Hər iki tərəf bu əməkdaşlıqdan uduşlu şəkildə çıxacaq. Dövlətin verdiyi subvensiya isə konkret davamlı və gəlirli sahələrə yönəldiləcək.
Bu təklif ilə bələdiyyələr nəhayət ki, özləri vəsait qazanmağa və bələdiyyə ərazilərini inkişaf etdirməyə başlayacaqlar. Bələdiyyələrə nə qədər səlahiyyət verilsə də, maliyyə resursları olmadan heç nə edə bilməzlər. Maliyyə resurslarına çıxış və onu səmərəli idarə etmək isə bacarıq tələb edir, bu da bələdiyyələrin ən zəif yerləridir.
Mən təklifimin ciddi şəkildə dəyərləndirilməsini istəyirəm.”- Razi Nurullayev səsləndirdi.


media-728x90banner

Bənzər xəbərlər