Regionda olan münaqişələr gələcəkdə nəzərə alınmalıdır
Mayın 16-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məruzəsi dinlənilib .
XALQ-ın məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ilə bağlı rəhbərlik etdiyi komitənin mövqeyini diqqətə çatdırıb.
O, 2024-cü il üzrə İnsan alverinə qarşı mübarizə haqqında məlumatın son Milli Fəaliyyət Planının yekunu olduğunu, yeni Fəaliyyət Planının hazırlanacağını söyləyib. Komitə sədri deyib ki, ötən illər ərzində Daxili İşlər Nazirliyi, digər dövlət orqanları bu sahədə sistemli, davamlı və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərib və müsbət nəticələr əldə olunub. O, həm insan alverinə qarşı mübarizə sahəsində, həm də bütövlükdə mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilən peşəkar fəaliyyəti xüsusi vurğulayıb. Dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və medianın vahid mövqedən çıxış etdiyini söyləyərək, insan alverinə qarşı mübarizənin milli səviyyədə fəaliyyətə çevrildiyini qeyd edib.
Əli Hüseynli bildirib ki, 2025-2030-cu illər üçün yeni Fəaliyyət Planında dünyada və regionda baş verən bir sıra münaqişələr insan alveri üçün yeni təhdidlər kimi qiymətləndirilməli və bu amillər gələcəkdə nəzərə alınmalıdır. Eyni zamanda, rəqəmsal alətlərin və müasir texnologiyaların tətbiqi, insan hüquqlarının səmərəli müdafiəsi əsas vəzifələrdən olmalıdır.