Paris-2024 Yay Olimpiya Oyunlarındakı müsbət nəticə Azərbaycanın beynəlxalq idman imicinin daha möhkəmlənməsinə şərait yaratdı

Azərbaycan beynəlxalq aləmdə müasir, dinamik inkişaf edən ölkə kimi imicini formalaşdıra bilib. Son illərdə əldə olunan heyrətamiz sosial-iqtisadi nailiyyətlər və ölkədəki ictimai-siyasi sabitlik ilə yanaşı, qazanılan beynəlxalq nüfuz nəticəsində Azərbaycanda idman sahəsində həyata keçirilən siyasət mühüm rol oynayıb. Bu siyasətin bəhrələri özünü Olimpiya Oyunlarında və digər beynəlxalq yarışlarda əldə edilən nailiyyətlərdə göstərir.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Deputat bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunları Azərbaycanın idman tarixinə möhtəşəm uğur kimi düşəcək. Belə deməyə ciddi əsaslarımız da var və statistika da bizim qənatimizin doğru olduğunu təsdiqləyir. Azərbaycan komanda medallarının üstünlüyünə görə 30-cu yeri tutaraq, bütün Olimpiya Oyunları tarixində ən yaxşı nəticə göstərdi. Əvvəlki rekord 2012-ci ilə təsadüf edir və iki qızıl, gümüş və beş bürünc medal qazanan komandamızın 32-ci yeri tutmuşdu. Parisdə isə mükafatların keyfiyyəti daha yaxşı oldu – iki qızıl, iki gümüş və üç bürünc medal.
Həmçinin komandamız Avropa ölkələri arasında 19-cu, keçmiş Sovet İttifaqı respublikaları arasında isə 4-cü yeri tutdu. İslam ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşdı. Bu tarixi nailiyyəti Prezident İlham Əliyev Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı belə qiymətləndirdi: “Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır”.
Bundan əlavə, Azərbaycan bu dəfə faktiki olaraq London-2012 Olimpiadasında iki qızıl və gümüş və beş bürünc medal qazandığı nəticəni təkrarladı. Medalların sayına görə, Rio-de-Janeyroda keçirilən 2016-cı il Oyunları hələ də ən yaxşısı olaraq qalır – o zaman 18 medal qazanılmışdı, onlardan biri qızıl, yeddi gümüş və on bürünc idi. Təbii ki, Paris Olimpiadası ilk dəfə iki qızıl medal qazanan Azərbaycan cüdoçuları üçün uğurlu oldu. Üstəlik, həm Hidayət Heydərov, həm də Zelim Kotsoyev öz çəki dərəcələrində əsas favorit hesab edilərək statuslarını doğrultdular. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Paris Olimpiadası Azərbaycanın güclü idman dövləti olduğunu bir daha sübut etdi.
Olimpiyadakı uğurumuz həm onu göstərir ki, Azərbaycanda idmanın inkişafı dinamikdir və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar. Ölkə başçısı Olimpiya iştirakçıları ilə görüşündə bildirdi ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. Xüsusilə qeyd edilməlidir ki, müxtəlif idman təşəbbüslərini dəstəkləyən dövlətimizin ciddi səyləri nəticəsində Azərbaycanda idman sürətlə inkişaf edir. Bu gün Azərbaycanda hər kəsin istifadə edə biləcəyi bir çox müasir idman kompleksləri, stadionları və məşq mərkəzləri mövcuddur. Eyni zamanda, Azərbaycanın idman infrastrukturu daha da irimiqyaslı idman tədbirlərinin keçirilməsinə imkan verir. Belə hərtərəfli qayğı ölkədə idmana marağı artırır. Xüsusilə də gənclərimiz idmanın müxtəlif növlərilə fəal şəkildə məşğul olurlar.
Azərbaycan idmançıları beynəlxalq yarışlarda fəal iştirak edir, yüksək nəticələr göstərir və medallar qazanırlar. Bu, ölkənin dünya miqyasında nüfuzunu yüksəltməklə yanaşı, həm də gənc nəslə ilham verir, onlarda vətənpərvəlik hisslərini də gücləndirir. Çünki hər qələbədən sonra bayrağımızın ucaldılması, himnimizin səsləndirilməsi idmançı üçün böyük şərəfdir. Son illərdə belə gənclərimizin artması təqdirəlayiqdir. Prezident İlham Əliyevin bildirdiyi kimi biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik. Belə bir möhtəşəm mənzərənin yaranmasında təbii ki, uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin böyük rolu oldu.
Rəşad Mahmudov son olaraq bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarındakı müsbət nəticə Azərbaycanın beynəlxalq idman imicinin daha möhkəmlənməsinə şərait yaratdı. İndi növbəti hədəf qarşıdakı Olimpiya Oyunlarında və digər beynəlxalq yarışlarda uğurlu nəticələrin əldə olunmasından ibarətdir. Dövlətin hərtərəfli dəstəyi və idmançılarımızın da şövqlə hazırlaşmaq istəklərini nümayiş etdirmələri belə deməyə əsas verir ki, Azərbaycan Parisdəki tarixi nailiyyəti daha da irəliyə aparacaq

 

 


media-728x90banner

Bənzər xəbərlər